Rusiya səfiri Polşa XİN-ə çağırıldı
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç “TVN24” telekanalının efirində açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ölkənin tərkibinə daxil edilməsi ilə bağlı verdiyi qərar olub.
Rusiyalı səfirin yaxın saatlarda Polşa XİN-ə gedəcəyi gözlənilir.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.