\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Kliniki Tibbi Mərkəzdə yeni korpus istifadəyə verildi - FOTOLAR

Kliniki Tibbi Mərkəzdə yeni korpus istifadəyə verildi - FOTOLAR
2744baxış
TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə (KTM) uzun müddət istifadəyə yararsız olan VIII korpus əsaslı təmir olunaraq, yerində yeni Hemodializ Mərkəzi yaradılıb. Üç mərtəbədən ibarət Mərkəzdə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.
 
Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlunun Mediapress.az-a verdiyi məlumata görə, burada təkcə paytaxt Bakı deyil, eyni zamanda respublikanın bütün rayon və şəhərlərindən olan hemodializ xəstələrinin müalicəsi üçün hər bir şərait yaradılıb.
Kəskin və xroniki hemodializ xəstələrinin Mərkəzdə müalicə edilməsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 76-ya çatdırılıb.
 
KTM-in tarixində ilk dəfə olaraq, Hemodializ Mərkəzinin daxilində Nefrologiya şöbəsi yaradılıb. Binanın 3-cü mərtəbəsində yerləşən şöbədə böyrək mənşəli hipertenziya, xroniki böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı, böyrəyin iltihabı xəstəlikləri (nefritlər və bionferitlər və s), sidik yolları infeksiyası, böyrəyin kistoz xəstəliklərinin müalicəsi üçün xidmətlər göstərilir. 16 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə USM, KT, MRT və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub.
 
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə sürətli və əlaqəli şəkildə yenilənmə işləri davam edir. Vətəndaş məmnunluğunun təmin olunması və keyfiyyətli tibbi xidmətin verilməsi üçün görülən işlərdən biri də məhz Azərbaycanın ən böyük Hemodializ Mərkəzinin vətəndaşlarımızın ixtiyarına verilməsidir.