\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Şəkidə iki yüz illik tarixi hamam xarabalığa çevrilib

Şəkidə iki yüz illik tarixi hamam xarabalığa çevrilib
1645baxış

Şəkidə xarabalığı xatırladan tarixi hamam baxımsız qalıb.

Bu barədə "Mediapress.az"ın yerli bürosuna Şəkinin Gəncəli məhəlləsində yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, XIX əsrdə şəkili sahibkar Məmmədnəbi tərəfindən tikilən və həmin dövrdə "Məmmədnəbi hamamı" kimi anlandırılan “Dərə hamamı” baxımsızlıq səbəbindən yararsız hala düşüb:

"Yaşı iki yüz ildən artıq olan hamam hamam qəzalı vəziyyətə düşüb. Ümumi sahəsi 89 kvadratmetr olan hamama su saxsı borular vasitəsilə verilib. Hamamın fəaliyyət göstərdiyi dövrdə fərqli günlərdə həm kişilər, həmdə qadınlar hamama gəliblər. Hamamdan bir dəfəyə 40-50 nəfər istifadə edə bilib. Hazırda pəncərələri sınmış, qapısı qıfıllı olan hamamının içində ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıb. Həmçinin hamamın uçan tavan və divarları hər kəsi narahat edir".

Hamamın vəziyyəti ilə bağlı Yuxarı Baş Milli Tarix Memarlıq qoruğunun memarı Seyran Məmmədov "Report"un yerli bürosuna bildirilib ki, "Dərə hamamı" uzun müddət baxımsız qalması dam örütüyünün dağılmasına səbəb olub:

"Onu bildirim ki, Yuxarı Baş Milli Tarix Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi fəaliyyətə başlayandan agentliyin sifarişi ilə bir çox abidənin bərpa layihəsi üçün hazırlıq işləri görülüb və sifarişlər verilib. Hazırda dörd abidənin üzərində bərpa işləri gedir və bunlardan ikisinin bərpası tamamilə yekunlaşmaq üzrədir. "Dərə hamamı" abidəsinin də layihəsi işlənib, hazırlanıb və yaxın zamanlarda yəqin ki, gələn mövsümdən bərpasına başlanacaqdır".

Qeyd edək ki, Dərə Hamamı Dövlət tərəfindən qorunan abidələr siyahısındadır.