\
26 Noyabr 2024 - Çərşənbə axşamı

SON DƏQİQƏ! İran, nəhayət, ETİRAF ETDİ: "Rusiyaya silah vermişik, lakin..."

SON DƏQİQƏ! İran, nəhayət, ETİRAF ETDİ: "Rusiyaya silah vermişik, lakin..."
1345baxış

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) iclasında çıxış edib.

Musavat.com xəbər verir ki, Abdullahiyan İranın Ukrayna müharibəsində istifadə olunmaq üçün Rusiyaya silah göndərmədiyini bildirərək, bu istiqamətdə irəli sürülən iddiaları bir daha təkzib edib.

“Ukrayna müharibəsindən əvvəl Rusiyaya silah göndərmişdik. Müharibənin başlaması ilə biz Rusiyaya silah göndərməyi dayandırdıq. Biz də prinsipcə Ukrayna müharibəsinin əleyhinəyik. Biz Rusiyaya müharibədə istifadə etmək üçün silahlı pilotsuz uçuş aparatları və ya raket göndərməmişik və göndərməyəcəyik. Biz bu məsələyə aydınlıq gətirmək üçün Ukrayna ilə işləməyə hazırıq", - İranın XİN başçısı bildirib.

Abdullahiyan sözügedən iddiaların araşdırılmasını istəyib:

“İran və Ukraynadan olan ekspert qrupu ilə birgə iclas keçirməyə və Ukraynanın əlində olan bütün sübutları bizə təqdim etməsinə hazırıq. Bu görüşdə Rusiyanın İran PUA-larından istifadə etdiyi aydınlaşsa, biz buna biganə qalmayacağıq”.

Qeyd edək ki, İranın Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya PUA-lar göndərdiyi barədə iddialar beynəlxalq gündəmdə geniş yer tutur. Ukrayna rəhbərliyi Rusiyanın oktyabrın 17-də paytaxt Kiyevə hücumunda İranın Şahid-136 tipli kamikadze pilotsuz uçuş aparatlarından istifadə edildiyi açıqlayıb.

Hələ iyul ayında ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın Rusiyaya silahlı pilotsuz uçan aparatlar göndərəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirmişdi.

Nigar Cəfərli,
Musavat.com