Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təhvil almasından üç il ötür
Bu gün Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi təhvil almasından üç il ötür.
XİN-in Mətbuat xidməti idarəsindən APA-ya bildirilib ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, Azərbaycan QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb.
Azərbaycan Respublikası ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib.
Sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb, Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin (QHPŞ) əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin (www.namazerbaijan.com) istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Sədrlik müddətində 2021-ci ilin 11-12 oktyabr tarixlərində Serbiyanın Belqrad şəhərində QH-nin təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində “QH-nin təkamülündə Afrika irsi” mövzusunda konfrans, eləcə də QH tarixində ilk dəfə QH ölkələrindən gənclərin iştirakı ilə QH Modeli Simulyasiya Təlimləri təşkil edilib. Ölkə başçısının müvafiq Sərəncamı əsasında hər il onlarla QH gəncinə Azərbaycanda təqaüdlə təhsil almaq imkanları yaradılıb.
Hərəkata üzv dövlətlər arasında tərəfdaşlığı və həmrəyliyi artırmaq, eləcə də əməkdaşlığın indiyə qədər aşkar edilməmiş istiqamətlərini ortaya çıxarmaq üçün bir çox sahəvi nazirlər iclasları, o cümlədən əmək və səhiyyə nazirlərinin görüşləri keçirilib. Yaxın vaxtlarda təhsil nazirlərinin, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavabdeh qurum rəhbərlərinin də iclaslarının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb", - qeyd olunub.