\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”

Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
1401baxış

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti yaşlılardan ibarət olan ziyalıların iştirakı ilə keçirildi. Təxminən yeddi saat davam edən qurultayın ilk anlarından etibarən çıxış edənlərin hamısı mövqelərini açıq şəkildə göstərərək Anar Rzayevin 35 illik sədrlik fəaliyyətini daha beş il də uzadacaqlarını bildirdi.

Tədbirin ən diqqətçəkən məqamı isə Anar Rzayevdən başqa sədrliyə namizəd olan iki gənc yazıçıya - Emil Rasimoğlu və Fuad Cəfərliyə çıxış üçün sonadək söz verilməməsi oldu. Düzü, daim fəaliyyəti barədə gənc yazıçıların müzakirələri, iradları ilə gündəmə gələn və sovet ənənələrinin təzahürü olan Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin tərəfli mövqe nümayiş etdirmələri heç də təəccüb doğurmadı. Ancaq qocaman yazıçıların mikrofon gördükdə aqressiyalarını mətbuatın üzərinə tökmələri, nəhayət, yeddi saatlıq sükutu pozdu.

 

Söhbət Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin “Qurultayın təşkili üçün ayrılan 203 min manat vəsait necə xərclənib?” sualına verdiyi “Bu sualı verdiyin üçün utanmırsan ölməkdən?” cavabından gedir. Xalq yazıçısı statusunu daşıyan, AYB-nin maliyyə məsələlərindən məsul olan bu yazıçının işi sual verməkdən ibarət olan jurnalisti ictimai yerdə əsassız şəkildə təhqir etməsi bu gün AYB-nin mətbuata, mediaya olan münasibətinin bariz nümunəsi idi.

Öhdəliklərindən bixəbər olan Çingiz Abdullayevin bu çıxışına Mətbuat Şurasına yeni sədr seçilmiş, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olan Rəşad Məcidin dəstək göstərməsi isə ayrı bir fiasko idi.

“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”, - deyərək Çingiz Abdullayevin natamam azərbaycancası ilə jurnalisti təhqir yağışına tutmağına münasibət bildirən Rəşad Məcid təqsiri jurnalistdə görərək sualı belə qurduğu üçün onu “tərbiyəsiz” adlandırıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin Qurultayının təşkilinə büdcədən 203 min manat vəsait ayrılıb. AYB üzvlərinin bir çoxu hesab edir ki, həmin pul xaricdən və rayonlardan gələn qonaqların yoluna və qonaqlanmasına, dekora, tədbirin keçiriləcəyi yerin icarəsinə, kitab çapına və s. xərclənib. Qurultayda iştirak edən biri kimi qeyd edim ki, teatr zalında dekora elə də yer verilməmişdi, qonaqlar üçün isə sadə bir çay süfrəsi təşkil edilmişdi. Hərçənd həmin süfrədə şirniyyat qoymağa boşqab tapmaq belə müşkül məsələ idi. Kitab çapı dedikdə isə hansısa yazarın kitabının nəşrindən söhbət getmir, qurultay iştirakçılarına paylanılası 100-200 kitabın çapı nəzərdə tutulurdu. 20 xarici qonağın yol xərci, Bakıda yerləşdirilməsi isə yəqin ki, 203 min manata başa gəlmir. Belə olan təqdirdə rahat bir hesabat vermək və ya mədəni şəkildə sualı cavablandırmaqdan çəkinmək varkən Çingiz Abdullayevin təhqir yolunu seçməsi isə özlüyündə çoxsaylı suallar doğurur.

Bəs görəsən, onun bu çıxışı haqqında jurnalist həmkarlar nə düşünürlər?

Oxu.Az sorğunu təqdim edir:

“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin fikrincə, Çingiz Abdullayevin o cür reaksiyası bu dəfə də sədr olmaq arzularının reallaşmamasından qaynaqlanır:

“Azərbaycan Yazıçılar Birliyinin ötən gün keçirilən qurultayı gözlənilənlərdən fərqli olaraq, çox sakit şəkildə keçirildi. Bu qurultay uzun müddət idi təxirə salınırdı. Yubadılmalarla keçirilən qurultay, əslində, gərgin atmosferdə, qızğın müzakirələr fonunda keçirilməli idi. Amma əksinə, sakitlik hökm sürdü. Hətta o qədər sakitlik idi ki, bu qədər problemi olan təşkilatın fəaliyyəti ilə bağlı tənqidi fikir səsləndirilmədi.  Eyni zamanda sədrliyə namizəd olan iki gəncə heç söz verilmədi. 35 il sədr olan Anar Rzayev növbəti beş il üçün də yenidən yekdilliklə seçildi.

Belə bir qurultayda xalq yazıçısı Çingiz Abdullayevin bu qədər gərgin olması isə çox ciddi suallar doğurur. Zənnimcə, Çingiz Abdullayevin aqressiyasını jurnalistin üzərinə tökməsinin şüuraltında başqa səbəbləri var. Bəlkə də, Çingiz Abdullayev gözləyirdi ki, bu qurultayda AYB-nin sədri olacaq, ola bilmədi, ona görə də bir balaca şərait yaranan kimi aqressiyasını ortaya qoydu.

Jurnalistin Çingiz Abdullayevə ünvanladığı sual tamamilə obyektiv idi. Çünki Mədəniyyət Nazirliyi rəsmi şəkildə elan etmişdi ki, bu qurultayın keçirilməsi üçün 203 min manat vəsait ayrılıb. Bu vəsait isə dövlət büdcəsinin puludur, yəni hər birimizin vergiləri hesabına formalaşan büdcədən ayrılan vəsaitdir. Ona görə də jurnalistlər bu vəsaitin hara xərcləndiyini, şəffaflığın təmin olunub-olunmadığını öyrənmək hüququna malikdirlər. Mən hələ məsələnin o tərəfinə toxunmuram ki, həqiqətən də, bu 203 min manatı bir teatr binasında yığılıb bir neçə saat qurultay keçirmək üçün necə xərcləyiblər?

Çingiz Abdullayev Xalq yazıçısıdır, o boyda qurumun katibidir, orada maliyyə məsələlərinə baxır, Anarın özü məsələnin Çingiz Abdullayevdən soruşulmasını istəyib, bəs nəyə görə Çingiz Abdullayev belə reaksiya verib? Bəlkə, qurultayda istəyinə nail ola bilməyib, vəsait düzgün xərclənməyib, ona görə belə qəzəblidir? Bu reaksiyanın dərin kökləri olmalıdır. Çingiz Abdullayevə bu sual dəfələrlə soruşulmayıb ki, o, bezib belə cavab versin. Onun “utanıb ölməmək” ifadəsi tamam başqa yerə ünvanlanmışdı, sadəcə, həmin situasiyada xeyli beynində gəzdirdiyi sualı dilə gətirməli oldu”.

Unikal.org xəbər portalının baş redaktoru Zaur Əhməd hesab edir ki, Azərbaycanın Xalq yazıçısı jurnalistlə davranışını bilmir:

“Jurnalist sualı kobud formada da qoya bilər, amma yazıçının cavabı bu şəkildə olmalı deyil. Təbii ki, mən jurnalistin sualı daha məntiqli verməsinin tərəfdarıyam, amma bir məsələ var ki, sualı soruşan sıravi jurnalistdir. Ona bu şəkildə ağır cavab verən isə Xalq yazıçısıdır. Azərbaycan dilinin, sözünün keşiyində duran bir adamın bu qədər aqressiya ilə cavab verməsi qəbuledilməzdir.

Ümumiyyətlə, jurnalistikaya, jurnalistə olan hörmət Azərbaycanda çox aşağı səviyyədədir. Bunun müxtəlif səbəbləri var, ən böyük səbəblərdən biri də odur ki, jurnalistlərin dostu olmalı, qorumalı olan Mətbuat Şurası hər zaman məsələnin mahiyyətinə varmadan jurnalisti ittiham edir. Azərbaycanda jurnalist zəif bəndə çevrilib. Kimi dindirirsən, həmin məsələdə çalışır ki, jurnalisti günahkar çıxarsın. Bu məsələdə jurnalistin üzərinə bu qədər gəlmək yersiz və haqsızdır.

Əslində, mən Mətbuat Şurasının sədri, dostumuz Rəşad Məciddən belə reaksiya gözləmirdim. Çünki bütün hallarda daha yaxşı ifadə seçmək olardı. Cəzalandırma məsələsini gündəmə gətirmək, kimisə nə iləsə hədələmək, təhqir etmək çox yanlışdır. Hesab edirəm ki, Mətbuat Şurası hər şeydən öncə jurnalistin yanında olmalıdır. Jurnalist sadə sual verib, Çingiz Abdullayev onu təhqir edib. Normal cavab vermək olardı. AYB-nin xərclədiyi pul kiminsə atasından qalmayıb. Həmin pul Azərbaycan dövlətinin, vətəndaşının puludur. Jurnalist də ictimai nəzarət funksiyasını yerinə yetirən bir fərd kimi bu pulun hara xərcləndiyini soruşa bilər. Çingiz Abdullayevin borcudur ki, həmin suala normal cavab versin”.

“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər isə jurnalistləri ən başda sədr Anar Rzayevin təhqir etdiyini diqqətə çatdırıb:

“Anarı illərdir gənc yazıçılar tənqid edirlər. Anar isə onlara bir söz demədən jurnalistlərin onu zəhərlədiyini iddia edir. Bu, qüsurlu yanaşma idi. Jurnalistlər əgər qurultayda belə sual ünvanlamayacaqlarsa, nə zaman ünvanlayacaqlar? Bəzi vəzifə sahibləri başa düşmək istəmirlər ki, artıq Ramiz Mehdiyevlik dönəmi bitib. O qədər öyrəşiblər ki, jurnalist press-relizi alıb yazsın. Ona görə də indi onlara sual vermək, hansısa məsələni onlardan soruşmaq qəribə gəlir. Ola bilər ki, sual verəndə jurnalistin intonasiyası fərqli səslənsin. Mütləq onu təhqirmi etməlisiniz? Orada mən Çingiz Abdullayevin yerinə məhlədəki Tükəzban xanımı gördüm.

Hörmətli Rəşad Məcidin özü bir neçə dəfə deyib ki, jurnalist sual verəndə elə bilirlər kimdənsə sifariş alıb. Ola bilsin ki, Rəşad müəllim jurnalistlər ona zəng vurduğu zaman elə Yazıçılar Birliyinin sədr müavini, yazıçı kimi cavab verib. Yəni Mətbuat Şurasının sədri kimi danışmayıb. Çünki hamıdan öncə Rəşad Məcid bildirib ki, jurnalistin sualına dözümlü yanaşmaq lazımdır. Vəzifəli şəxslər, dövlətin qaymağını yeyənlər isə elə bilirlər ki, onlara heç kim sual verə bilməz.

Mən o qurultayda qonaq olaraq iştirak elədim. 203 min manatlıq qurultayda insanlar şirniyyatı salfetin üstünə qoyub yeyirdilər. Buna irad da bildirdim. Mən demirəm ki, orada Kütahya çini qabları olsun. Amma camaat salfetin içində şirniyyat yeməməlidir. “Qonaqlarımız gəlib”, - deyirlər. O qonaqlar kimlər idi? İki-üç türk qonaqdan başqa hansı qonaq vardı ki, biz görmədik? Əlbəttə, belə olan təqdirdə maliyyə müzakirə olunacaq. Mətbuatın işi bunu sorğulamaqdır. Jurnalist sualı istədiyi şəkildə qoya bilər, amma Çingiz Abdullayev küçədəki yaşlı qadınlar kimi kiməsə qarğış etməli deyil!”

Müstəqil jurnalist Azər Ayxan bildirib ki, Çingiz Abdullayevin Azərbaycan jurnalistlərindən, xüsusilə orada təhqir elədiyi həmkarımızdan üzr istəməsinə nail olanadək məsələnin üzərinə getməliyik:

“İnsan danışarkən özünün tərbiyəsini və səviyyəsini ortaya qoymuş olur. Qarşıdakı adamla rəftarı hansı səviyyədə olduğunu açıq şəkildə göstərir. Çingiz Abdullayevin də suala cavabı bu fonda onu ələ verdi, 203 min manat vəsaitdə ciddi yeyintinin olduğunu ortaya çıxardı. Hazırda aktiv jurnalistika fəaliyyəti ilə məşğul deyiləm. Amma həmkarlarıma təklif edərdim ki, AYB-nin qurultay xərcləri ilə bağlı bütün detalları araşdırsınlar, hər şey ortadadır, qurultayın keçirildiyi məkana, güllərə, xaricdən və rayondan dəvət olunan qonaqlara nə qədər xərcləndiyini öyrənmək olar. Bunlar ortaya çıxandan sonra məlum olacaq ki, çox ciddi yeyintiyə yol verilib. Bu isə məsələyə hüquq-mühafizə orqanlarının müdaxilə etməsinə imkan verəcək.

Jurnalistin təhqir edilməsi qəti şəkildə yolverilməzdir. Öncə Azərbaycan Prezidentinin media ilə münasibətinə baxsınlar və oradan özlərinə nümunə götürsünlər. Hər bir Azərbaycan jurnalisti bu tərbiyəsizcə rəftara qəti şəkildə münasibət bildirməli, lazım olarsa, toplantılar keçirilməli, müraciətlər qəbul edilməlidir. Biz Çingiz Abdullayevin Azərbaycan jurnalistlərindən, xüsusilə orada təhqir elədiyi həmkarımızdan üzr istəməsinə nail olanadək məsələnin üzərinə getməliyik. Hər kəs bundan nəticə çıxarmalıdır ki, jurnalistin verdiyi suala o şəkildə cavab vermək olmaz. Çingiz Abdullayevin borcudur ki, sualı ətraflı şəkildə cavablandırsın.

Mətbuat Şurasının sədri Rəşad Məcidin mövqeyinə gəldikdə isə o da məni qane etmədi. Çingiz Abdullayevdən yox, həmkarlarından yana olmalıdır. Çünki məsələdə haqlı tərəf jurnalistdir. Jurnalisti sual verdiyinə görə tərbiyəsiz adlandırmaq, yumşaq desək, Rəşad Məcidə yaraşan iş deyil. Çünki Rəşad Məcid kifayət qədər təcrübəli jurnalistdir, Mətbuat Şurasının sədridir. Bu vəzifə də ona xüsusi bir məsuliyyət yaradır ki, jurnalistin tərəfində olsun. Ona görə də mən inanıram ki, bu gündən gec olmayaraq məsələ ilə bağlı Rəşad Məcid də, Çingiz Abdullayev də mövqelərində ciddi dəyişiklik edəcək və bir jurnalistin timsalında Azərbaycan jurnalistikasını təhqir etdiklərinə görə üzrxahlıq edəcəklər”.

“Yeni Sabah” MMC-nin baş redaktoru Seymur Verdizadə isə son vaxtlar jurnalistlərlə bağlı çərçivənin daraldıldığını deyib:

“Jurnalistin vəzifəsi sual vermək, şübhəli məqamları üzə çıxarmaqdır. Sual verdiyinə, hansısa məsələyə aydınlıq gətirmək istədiyinə görə jurnalisti qınamaq düzgün deyil. Ümumiyyətlə, son vaxtlar jurnalistlərlə bağlı çərçivənin daraldığını müşahidə edirəm. Mənə elə gəlir ki, xüsusilə yaradıcı adamlar bu çərçivənin daralmasında deyil, daha da genişlənməsində maraqlı olmalıdırlar. Çingiz Abdullayevin yaşı, təcrübəsi onun daha təmkinli olmasını diktə edirdi. Yəni Çingiz Abdullayev kimi dünyanın yarısını görmüş adam jurnalistin sualına münasibətdə daha tolerant davranmalıydı. Jurnalistə bu cür reaksiya vermək, ölüm arzulamaq yaşlı bir yazıçıya yaraşan hərəkət deyil. Mən bu davranışı, hikkəni Çingiz Abdullayevə yaraşdırmadım. O, onlarla kitabın müəllifidir, söz adamıdır, heç olmasa, ona görə sözdən istifadə edərək vəziyyətdən çıxmalıydı. Hətta sual onun xoşuna gəlməsə belə, sözlə davranma bacarığından istifadə edərək belə bir qalmaqal yaratmamalıydı.

Əgər jurnalist nə vaxtsa etik qaydaları pozarsa, əlindəki mikrofondan sui-istifadə edib kiminsə şərəf və ləyaqətini alçaldarsa, bunun qarşısını almaq üçün müxtəlif mexanizmlər var. Mətbuat Şurasına müraciət etmək, jurnalistin fəaliyyətini müzakirə etmək olar. Amma heç bir halda bu səviyyədə cavab vermək olmaz. Üstəlik, normal verilmiş bir suala. Bu, ziyalıya başucalığı gətirmir”.

“İnterpress.az” xəbər portalının təsisçisi Toğrul Allahverdili Azərbaycan Yazıçılar Birliyinin ümumilikdə mövcudluğunun yanlış olmasından söz açıb:

“Çingiz Abdullayev öz oxucularının iddiasına görə, dünyada tanınan azərbaycanlı yazıçı ola bilər, amma Çingiz Abdullayev bu yaşına qədər azərbaycanlı ola bilməyib, Azərbaycanı sevə bilməyib. Zənnimcə, Vətəni sevmək üçün ilk olaraq onun dilinə hörmət etmək lazımdır, amma qocaman yazıçıda biz bunu müşahidə etmədik. Çingiz Abdullayevin etdiyi açıq-aşkar Azərbaycan mətbuatını tapdalamaq, təhqir etmək idi. Həmin həmkarımızın timsalında Azərbaycan mətbuatına ölüm arzulanıb. Bu yaşda, özünə ziyalı deyən bir insanın gənc jurnalistə ölüm arzulaması tərbiyəsizlikdən, mənəviyyatsızlıqdan başqa bir şey deyil. Bu illər ərzində Çingiz Abdullayev Azərbaycan dilini öyrənə bilməyib. Mənim üçün bundan böyük təhqir yoxdur. Ondan başqa nə gözləmək olar? Belə insanlar “beşinci kolon”un Azərbaycandakı nümayəndələridir. Azərbaycan xalqına ən böyük yaxşılıq belə qurumların ləğvidir. Azərbaycan Yazıçılar Birliyi kimə lazımdır? Niyə yazıçıların birliyi olmalıdır? Niyə mənim boğazımdan kəsib AYB-nin saxlanması üçün pul ayrılmalıdır? Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə birlik yoxdur.

Anar müəllimin yaşını hesablayıb qurtarmaq mümkün deyil, yenə sədr olmaq istəyir. “Jurnalistlər məni zəhərləməsələr, beş il də qalacam”, - deyir. Yalandan qurultay keçirilib, gənclərə söz verilmədi, təhqir olundular. Bunu hansı əsasla edirlər? Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?

Mətbuat Şurasının sədri Rəşad Məcidin də jurnalisti təhqir etməsinə çox təəssüf edirəm ki, Mətbuat Şurasında dəyişən heç nə olmadı. Rəşad Məcid orada AYB nümayəndəsi kimi çıxış etdi, amma mən ondan Azərbaycan gəncliyinin müdafiəsini gözləyirdim. Biz Rəşad Məcidə səs verən şəxslərik, səs verəndə düşünürdük ki, gələcəyin yanında olacaq, Rəşad müəllim isə uzun müddətdir ki, dostluq etdiyi Anarın, Çingiz Abdullayevin yanında olmağı seçdi. Mətbuat Şurasının İdarə Heyətindən tələb edirəm ki, tez zamanda toplanıb bu məsələyə münasibət bildirsinlər. Hər üç şəxsin jurnalistə qarşı davranışına rəy verməlidirlər”.

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə qeyd edib ki, son vaxtlar bütün günahları jurnalistlərin üzərinə atmaq kimi bir tendensiya yaranıb:

“Yazıçı Azərbaycan cəmiyyətinin ziyalısıdır, bu da bizim ziyalı mövqeyimiz. Ola bilər ki, jurnalist sualı düzgün qoymadı, amma çox ciddi məsələyə toxundu. Çünki son vaxtlar elə bir sahə qalmayıb ki, orada yeyintiyə yol verilməsin. Jurnalist də haqlı olaraq soruşdu ki, bu 203 min manat nəyə xərclənib? O da cavab verir ki, “Utanmırsan ölməkdən?” Düzdür, yazıçımız hələ Azərbaycan dilində normal danışa bilmir. Amma mən də təəssüflə bildirirəm ki, Mətbuat Şurasının sədri də jurnalisti təhqir etdi. Mən bildiyim qədərilə Mətbuat Şurası mətbuatın yanında olmalıdır. Amma ola bilsin ki, Rəşad Məcid həm də AYB-nin sədr müavini olduğu üçün neytral qalmağa çalışıb, sadəcə, belə neytrallıq olmur. Dünən Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin bir çoxu fikirlərini ifadə etdi. Çox yaxşı olardı ki, iclas keçirib bunu canlı müzakirə etsinlər. Jurnalist yazıçıya qarşı iddia qaldırırsa, Mətbuat Şurası onu müdafiə etməyəcək?

Son vaxtlar mediaya qarşı təzyiqlər var. İki gündən bir jurnalist çağırılır, izahat alınır. Hamı jurnalisti təhqir edir. Belə çıxır ki, bəzi kiçik məmurlar jurnalistlərə qarşı hücuma keçirlər ki, Prezident məsələdən xəbər tutmasın. Çingiz müəllimin də aqressiyası bundan irəli gəlir, pulda sorğulanmaq istəmir. Puldan yazırsansa, mütləq qarşı tərəfin xətrinə dəyir. Kiminsə şəxsini söyürsənsə, o, bunu qəbul edir, amma puluna söz deyəndə acığı tutur. Buna son qoyulmalıdır”.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycanı sevməyən qüvvələrin, xarici jurnalistlərin Azərbaycan Prezidentinə vermədikləri provokativ sual qalmayıb. Prezident bu suallara hər zaman aramla, səbirlə, diplomatik ədayla cavab verib, qarşı faktlar qoyaraq jurnalistləri çətin duruma salıb. Ancaq Çingiz Abdulayev kimi yazıçı, söz adamı bir sualın qarşısında özünü belə gülünc duruma saldı:

“Jurnalistin sual verməsi, kimdənsə münasibət öyrənməsi onun ən təbii haqqıdır. İnformasiya əldə etmək isə hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Ölkəmizdə informasiya əldə etmək haqqında qanun qəbul edilib və həmin qanunda da göstərilir ki, hər kəs informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Ötən gün yaşananlar isə həm də informasiya əldə etmək istəyən şəxsin hüququnun pozulması idi. 

Azərbaycan Yazıçılar Birliyinin qurultayında Çingiz Abdullayevin jurnalistə qarşı kobudluğu heç bir halda qəbuledilən deyil, Xalq yazıçısının bu hərəkətinə haqq qazandırmaq olmaz. Çingiz Abdullayev ictimai şəxsdir, tanınmış ziyalıdır, çoxsaylı kitablar müəllifidir. O istər davranışları ilə, istərsə də mediaya münasibəti ilə cəmiyyətə nümunə olmalıdır, ancaq təəssüf ki, biz bunun əksini gördük. Heç kimə ixtiyar verilmir ki, jurnalistə “utanıb, ölmürsən?” desin. Jurnalistləri qərəzdə qınamaq olar, sualdan müxtəlif yollarla yayınmaq olar, ancaq onu ictimai yerdə təhqir etmək, aşağılamaq qəbuledilməzdir və bu həm də hüquqi məsuliyyət yaradır. 

Özü də Yazıçılar Birliyinin qurultayına ayrılan pulun hara xərclənməsinə birbaşa nəzarət edən şəxs Çingiz Abdullayevdir. Yazıçı Anarın bu haqda Baku TV-yə açıqlaması da var. Jurnalist də təbii olaraq bu sualı Çingiz Abdullayevə ünvanlayıb. Xalq yazıçısının cavabı isə ən yaxşı halda qeyri-etikdir. 

Bir şeyi də mütləq anlamaq lazımdır ki, artıq informasiya əsridir. Sovet dövrü, senzura dövrü, kommunist düşüncə tərzi geridə qaldı. Dünya sürətlə inkişaf edir, dövr dəyişir, yaxşı olar ki, yazıçılarımız da dəyişsinlər”.

Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi Çingiz Abdullayevin çıxışına haqq qazandırılacaq bir tərəf görmədiyini vurğulayıb:

“Mən hesab edirəm ki, jurnalistin sualı yerində idi. Haqlı və əsaslı sual verilmişdi. İctimai məsuliyyət daşıyan şəxs kimi Çingiz Abdullayev jurnalistin sualına adekvat cavab verməli idi.  Görünür, o, 67 yaşına qədər Azərbaycan dilində ancaq təhqiri öyrənib. Mən Çingiz Abdullayevin bu davranışının haqq qazandırılacaq tərəfini görmürə