\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə cəza istənilib

Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə cəza istənilib
1433baxış

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Qulu Muxtarov və Sahil Abuşovun verilmiş ittihamlarla təqsirli bilinərək hər birinin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 10-da davam etdiriləcək.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Qulu Muxtarov və Sahil Abuşov tutularaq istintaqa cəlb olunub.