Məktəblərdə fövqəladə hallara davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Qaradağ rayon C.Niftəliyev adına 233 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 5 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər İlqar Zeynalov adına 2 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon Qiyaməddinli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayon Pirəbədil kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.