\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Bakıda Türkiyənin milli bayramı münasibətilə tədbir keçirilib - FOTO

Bakıda Türkiyənin milli bayramı münasibətilə tədbir keçirilib - FOTO
1371baxış

Türkiyə Respublikasının yaranmasının 99-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

APA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, hərbi prokuror Xanlar Vəliyev, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, bölgədə yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb:

“Qlobal qida böhranına çarə olan Türkiyə Azərbaycanla birlikdə enerji problemini də birlikdə həll edəcək. Ölkələrimiz Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlirinin həllində mühüm rola malikdirlər”.

Türkiyə və Azərbaycan əlaqələrini ən yüksək müttəfiqliq səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Cahit Bağçı deyib:

“Bugün 5 mindən çox Türkiyə şirkəti Azərbaycanda, 3 minə yaxın Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərir. Ticarət dövriyyəmiz 5 milyard dollardan çoxdur”.
Səfir qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır. Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır”.

Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 99-cı ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Qeyd olunub ki, doxsan doqquz il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib.

“Xüsusən qeyd edilməlidir ki, son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarmışdır. Türkiyə Respublikasında, eləcə də Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir. Türkiyə Respublikası beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə və xeyli dərəcədə bununla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub”, - deyə Sahibə Qafarova bildirib.

Milli Məclisin sədri qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqenin dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynadığını vurğulayıb.

“Ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə bütün məsələlərdə bir-birinin yanındadırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.

Tədbir ziyafətlə davam edib.