FHN Tərtərdə kompleks mülki müdafiə təlimi keçirib - FOTO
"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində noyabrın 2-4-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Tərtər rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, rayon Fövqəladə Hallar Komissiyası, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Eyni zamanda, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da təlimin əsas məqsədlərindən olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə qüvvələri ilə rayonun mülki müdafiə qüvvələri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və rayonun həyat təminatının bərpası ilə bağlı tədbirlərin təşkili, qəza-bərpa işlərinin yerinə yetirilməsi tədbirləri də reallaşdırılıb.
Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kompleks təlimə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Qarabağ Regional Mərkəzinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 371 nəfər şəxsi heyəti və 60 ədəd texnikası cəlb edilib.
Qeyd edək ki, bu kimi təlimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.