\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

211 saylı məktəbin birinciləri Cümhuriyyət Gününü qeyd etdilər - 100 il! EKSKLÜZİV - FOTOLAR

211 saylı məktəbin birinciləri Cümhuriyyət Gününü qeyd etdilər - 100 il! EKSKLÜZİV - FOTOLAR
2242baxış

Ölkə rəhbəri cənab prezident İlham Əliyev 16 may 2017-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda deyilir:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

... Bu bir il ərzində İlham Əliyevin göstərişinə əsasən,  həm ölkə daxilində, həm də xaricində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Həmin tədbirlərdən biri də Nəsimi rayonunda yerləşən şəhid Asif Abdullayev adına 211 saylı orta məktəbdə təşkil olundu. 1e sinfinin rəhbəri Nigar xanım Quliyeva öz şagirdləri ilə bərabər zəfər bayramımız üçün hazırladığı tədbiri həm məktəb heyətinə, həm də valideynlərə təqdim etdi.

İlk əvvəl onu qeyd edək ki, akt zalı bir gün öncə fəal valideynlər tərəfindən xüsusi zövqlə bəzədilmişdi. Daha doğrusu, üçrəngli bayrağımızla şarların rəngləri bir-biri ilə ahəng daşıyırdı deyə, göz oxşayırdı. Bütün bunlar əlbəttə ki, akt zalında bayram abu-havasını tənzimləyirdi. 

Tədbir Nigar xanımın çıxışından sonra açıq elan olundu. 1e-nin balaca şagirdləri Azərbaycan himninin sədaları altında zala daxil oldular. Ardınca sıranı pozmadan, həvəslə Azərbaycanımıza həsr olunan şeirlərini söyləyib, mahnılarını səsləndirdilər. Daha sonra səhnəciklərlə tamaşaçıların alqışına, valideynlərin sevincdən göz yaşlarına, sinif rəhbərlərinin isə qürurlanmasına səbəb oldular.  

Bir sözlə, məktəblilərin bu önəmli günə həvəslə çalışdıqları əhval-ruhiyyələrindən sezilirdi. Həmçinin onların müstəqillik yolunda şərəflə addımlayan dövlətimizə, bayrağa, vətənə, orduya, anaya olan sevginin, hörmətin məhz sinif rəhbəri Nigar xanım tərəfindən aşılandığı da bəlli olurdu.

P.S. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar xalqın gələcəyi, dövlətin möhkəmliyidir. 

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Azərbaycanımızın sabahları, vətən sizə əmanətdir!

Hazırladı: Könül AYPARA

Günel AYXAN