\
19 Aprel 2024 - Cümə

Prezident: “Ermənistanın əsassız iddialarını qəti şəkildə rədd edirik”

Prezident: “Ermənistanın əsassız iddialarını qəti şəkildə rədd edirik”
1271baxış

“İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq”. 

Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq:

“Oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu bir də onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.

İkinci Qarabağ münaqişəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”.