\
27 Yanvar 2023 - Cümə

Nizami küçəsində azyaşlılara gül satdıran şəxs həbs edildi

Nizami küçəsində azyaşlılara gül satdıran şəxs həbs edildi
1149baxış

Bakının Nizami küçəsində azyaşlı uşaqlara gül satdıran şəxs saxlanılıb.

Aldığımız məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı N.Məmmədov (şərti) həm özünün, həm də bir neçə azyaşlı uşağa gül satdırdığı aşkar olunub. Belə ki, həmin azyaşlılardan biri bilinməyən şəraitdə özünə xəsarət yetirib. Bu əsnada polis əməkdaşları uşağın kim tərəfindən istismar olunduğunu axtarmağa başlayıblar.

Məlum olub ki, N.Məmmədov özü də küçədə gül satışı ilə məşğuldur. O, yetkinlik yaşına çatmayanlara gül satdırdığı üçün bölməyə gətirilib. Burada ona qeyri-qanuni fəaliyyətlə məşğul olduğu və azyaşlıların əməyini istismar etdiyi bildirilib.

İttihama görə, həmin şəxs bölmədə polislərə qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlədib. Səbail polisi tərəfindən N.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətinə həbs olunub.