Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi - YENİLƏNİB
“Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək deyil. Bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir edir”.
Mediapress.az xəbər verir ki, bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:
“Sürücülük hüququnun olmaması kifayət qədər ağır məsələdir, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşaqlar avtomobilin ön oturacağında xüsusi oturacaq olmadan otura bilməzlər. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Məsələ ilə bağlı polis tərəfindən hüquqi qiymət veriləcək. Bu hadisənin misalında cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, bunu qəhrəmanlıq kimi ictimailəşdirməyə can atmamağa çağırış edirik”.
10:16
Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub.
Mediapress.az xəbər verir ki, görüntülər “Instagram” sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa “bir az yavaş sür” deyildiyi eşidilir.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib.