\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Xaçmaz rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Xaçmaz rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
1509baxış

Noyabrın 14-də Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu söyləyib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında bildirib ki, ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev bildirib ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil olub.

Tədbirdə Milli Məclisin deputatı Sevil Mikayılova Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq Qələbədən ətraflı bəhs edib.

Sonra YAP Xaçmaz rayon təşkilatının ilk sədri Nadir Süleymanov, şəhid Kərəm Veyisovun anası Nərgiz Veyisova və Vətən müharibəsi qazisi Tariyel Didarov çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, rayon təşkilatının on mininci üzvü şəhid Davud Hacıyevin anası Validə Hacıyevaya və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.