\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Şağan sular altında qaldı-FOTOLAR

Şağan sular altında qaldı-FOTOLAR
1584baxış

Bir neçə gün əvvəl yağan yağışlar Xəzər rayonu Şağan kəndində ciddi problemlər yaradıb. Bütün məhəllələri su basıb. Vəziyyət o həddə çatıb ki, yolda nə maşınlar, nə piyadalar hərəkət edə bilir. Məktəblilər də dərsdən qalmalı olub. Sakinlər yolu keçmək üçün sözün əsl mənasında baaqlarını çırmalayırlar.

Mediapress.az Bugun tv-yə istinadən xəbər verir ki, suyun səviyyəsi o qədər yüksək olub ki, avtomobillə də hərəkət məhdudlaşıb.

Vəziyyəti çətin olduğunu görən insanların əksəriyyəti evdən çölə çıxa bilməyiblər. Onların sözlərinə görə artıq 3-4 ildir ki, kanalizasiya problemindən əziyyət çəkirlər. Yağış suyu həyətlərə, oradan da zirzəmilərə dolur.

Xəstəsi olan ailələr bu vəziyyətdən daha çox narahatdılar. Yağış yağanda Təcili Tibbi Yardım maşınlarının da bu əraziyə gələ bilmədiyini deyirlər. Taksilər də bu ünvana sifariş qəbul etmirlər. “Hər yerdən təcrid olunmuş vəziyyətdə yaşayırıq.  Çölə çıxa bilmirik. Bir dəfə də Fövqəladə Hallar Nazirliyinə zəng etmişik. Onlar bizə çörək alıb veriblər”. Sitatın sonu.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri çox dardır və suyu axıtmağa çatdırmır. Ona görə də yağış yağan kimi problem ortaya çıxır. Bəzi şikayətçilər isə yol kənarlarının asvaltlanmadığını, bu səbəbdən də yağış sularının axaraq evlərə dolduğunu deyirlər.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə,həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil.  Eyni zamanda göstərilən ünvan bu qurumun xidmətinə də daxil deyil. Əraziyə kanalizasiya xətləri vətəndaşlar tərəfindən kustar üsulla, primitiv qaydada çəkilib. 63-110, yəni kiçik ölçülü yağış və kanalizasiya xətləri quraşdırılıb ki, bu da standartlara cavab vermir. Ancaq buna baxmayaraq “Azərsu”nun əməkdaşları həmin ərazidə olub, suyun çəkilməsi üçün mövcud imkanlardan istifadə ediblər. “Problemin tam həlli isə gələcəkdə nəzərdə tutulan layihənin icrasından sonra mümkün olacaq. Beləki, daxil olan şikayətlər əsasında bu məsələ hazırlanan baş planda öz əksini tapıb. Layihənin təsdiqlənəcəyi təqdirdə həmin ərazidə yeni infrastrukturun yaradılması planlaşdırlır ki, bu da subasma hallarına birdəfəlik son qoyacaq” deyə, Anar Cəbrayıllı bildirib.