Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADI - YENİLƏNİB
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında araşdırma aparması barədə açıqlama verib.
Nazirlikdən Mediapress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır:
Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.
Qeyd edilib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.
11:34
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.
Mediapress.az xəbər verir ki, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.
Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.
Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubileyində səsləndirib.
Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.