“Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media Müstəvisində adlı tədbir keçirilib
xəbər verir ki,tədbirin keçirilməsində məqsəd ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək, o cümlədən onların dəstəyi ilə hər kəsə çağırış etməkdir.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyasının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, hər il Dövlət Komitəsi tərəfindən Kampaniya çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Bu il də BMT-nin ekspertlərinin iştirakı ilə sözügedən kampaniya çərçivəsində Qadın Resurs Mərkəzləri, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, universitet və kolleclər daxil olmaqla 16 rayonda maarifləndirmə tədbirlərinin təşkil olunacaq.
“Gender (kişi və qadın) bərabərliyinin təminatları, məişət zorakılığının qarşısının alınması, insan alveri ilə mübarizə haqqında qanunların, milli fəaliyyət planlarının təsdiq edilməsi, müvafiq institusional mexanizmlərin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması ölkəmizdə bu problemin aradan qaldırılmasına olan siyasi iradəni nümayiş etdirir”- deyə sədr müavini əlavə edib.
O, bildirib ki, dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə baxmayaraq qadınlara qarşı gender əsaslı zorakılıq hələ də bütün ölkələrdə hökm sürür və bununla bağlı cəzasızlığın səviyyəsi yüksəkdir. Medianın bu müstəvidəki rolundan bəhs edən S.Qəhrəmanova, media işçilərinin cəmiyyətin qadınlara qarşı zorakılığın qarşısının alınmasını və onunla mübarizəni necə qəbul etməsində mühüm rol oynadığını bildirib.
Zərər çəkmiş şəxsə hörmətlə yanaşılmasının, məxfilik və peşəkarlıq prinsiplərinə əməl olunmasının vacibliyindən bəhs edən S.Qəhrəmanova, belə hallarda mövzu üzrə hazırlıq keçmiş, ixtisaslaşmış jurnalistlərin təyin olunmasının əhəmiyyətini vurğulayıb: “Qadınlara qarşı zorakılıq hallarına dair sosial baxımdan məsuliyyətli xəbər hazırlanmasının təmin etmək üçün qadınlara qarşı zorakılığın sensasiya yönümlü və ya stereotip xarakterli təsvirindən çəkinmək lazımdır”.
Media xəbərlərində mürəkkəb sosial fenomenə səthi yanaşmanı tətikləməklə sırf ictimaiyyətin diqqətini çəkməyə xidmət edən sensasiya xarakterli təsvirlərdən istifadəyə diqqət çəkən sədr müavini onu da əlavə edib ki, belə təsvirlər stereotipləri əbədiləşdirməkdən əlavə, həm də qadınlara qarşı zorakılıq fenomenini sadələşdirir və onu sadəcə fiziki zorakılıqla eyniləşdirir.
Sədr müavini çıxışının sonunda Dövlət Komitəsinin gender əsaslı zorakılığın qarşısının alınması, o cümlədən medianın bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatı diqqətə çatdırıb.
Daha sonra çıxış edən BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreyeva qadınlara və qızlara qarşı zorakılğın dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qaldığını və hər üç qadından birinin bundan əziyyət çəkdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu rəqəm son on il ərzində əsasən dəyişməz qalmaqdadır.
O qeyd edib ki, BMT-nin Azərbaycandakı ailəsi bu kampaniyada Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək və bu 16 gün ərzində Azərbaycanın 16 bölgəsinə səfərlər təşkil ediləcək. “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik. Gəlin qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutaq və səsimizi ucaldaq, qadın və qızlara qarşı zorakılığa son qoyaq”.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev çıxış edərək, Azərbaycanda qadına hörmətin bütün dövrlərdə əsas mənəvi dəyərlərdən olduğundan onların cəmiyyətdə rolunun artırılması və gender balansının təmin edilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər görüldüyünü bildirib. O, bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırıldığını, “İnsan alverinə qarşı mübarizə”, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunlar və bir sıra dövlət proqramlarının qəbul edildiyini əlavə edib.
O, qeyd edib ki, ailə münaqişəsi, o cümlədən məişət zorakılığı ilə bağlı Nazirliyə və ərazi orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır, münaqişəli ailələr uçota götürülərək onların ətrafında aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir. Məişət zorakılığı zəminində baş verən hər bir cinayət faktı üzrə xidməti təhqiqat aparılaraq əməkdaşın bu növ cinayətlərin qarşısının alınması üzrə gördüyü işlərə hüquqi qiymət verilir.
Açılış nitqlərindən sonra gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış “Susma” adlı sosial çarx nümayiş etdirilib.
Daha sonra Sabunçu Rayon İcra hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək, məişət zorakılığının cəmiyyətin sağlam inkişafına mane olan əsas amillərdən biri olduğunu bildirib. O, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bir sıra pilot layihələri diqqətə çatdıraraq, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.
Baş verən zorakılıq hallarının çox ciddi addımlar atılması üçün rəvac verdiyinə diqqət çəkən “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl son illər bu sahədə müsbət irəliləyiş olduğunu bildirib. O,qanunvericilik bazasının gücləndirilməsi ilə yanaşı, yerlərdə həyata keçirilən maarifləndirmə kampaniyalarının, bu mövzuda təşəbbüslərin artmasını sevindirici, müsbət hal kimi qiymətləndirilib. Bununla yanaşı çıxışçı, belə hallarla mübarizə məqsədilə media ilə daha sıx əməkdaşlığın önəmini vurğulayıb.
Hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov “Mediada qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın işıqlandırılması meyarları” mövzusunda təqdimatla çıxış edərək, gender əsaslı zorakılıq, peşəkar media, insan hüquqlarının müdafiəsi istiqamətində milli qanunvericilik və beynəlxalq konvensiyalar barədə məlumat verib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, media bütün dövrlərin ən güclü aləti kimi istənilən stereotiplərin formalaşması və sındırılması, cəmiyyətə mesajların ötürülməsi istiqamətində ən güclü silahdır.
Daha sonra AQUPDK yanında İctimai Şuranın sədri, Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova, sosial məsələlər üzrə bloger Saleh Nəsirov, psixoloq Fidan Nizamova fikirlərini səsləndiriblər.
Sonda Dövlət Komitəsinin sədri Sədaqət Qəhrəmanova media nümayəndələrini, eləcə də iştirak edən hər kəsi məişət zorakılığı ilə mübarizədə fəal iştiraka və birgə əməkdaşlığa çağırıb.