Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib - FOTO
30 noyabr 2022-ci il tarixində Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini Xorvatiya Respublikasının Prezidenti cənab Zoran Milanoviçə təqdim edib.
Mediapress.az xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib.
Prezident Zoran Milanoviç Anar İmanovu Xorvatiya Respublikasına səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Prezident cənab Zoran Milanoviçə çatdırıb.
Öz tərəfindən təşəkkürünü bildirən Xorvatiya Respublikasının Prezidenti onun da salamlarını Prezident cənab İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşün əvvəlində Prezident Zoran Milanoviç 30 illik işğaldan sonra ölkəmizi öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edərək, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini vuğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsi haqda kifayət qədər məlumatının olduğunu bildirən Prezident, hələ 1994-cü ildə ATƏT-in missiyası çərçivəsində Azərbaycana səfər etdiklərini və gətirdikləri müxtəlif yardım ləvazimatlarını şəxsən Ümummilli Lider Heydər Əliyevə təqdim etdiklərini qeyd edib.
Prezident Zoran Milanoviç, eyni zamanda Baş nazir olduğu dövrdə Azərbaycan Respublikasına səfər etdiyini, burada bir sıra görüşlər keçirdiyini, ümumilikdə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Prezident, eyni zamanda ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, enerji sahəsində əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini söyləmişdir. Son aylar Avropada enerji qiymətlərində kəskin artımın baş verməsinə diqqət çəkən Xorvatiya Prezidenti ölkəsinin enerji təhlükəsizliyinin qorunmasının vacib məsələlərdən biri olduğunu bildirərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini alqışlamış, bu xüsusda Cənubi Qaz Dəhlizinin bir qolu ola biləcək İon-Adriatik qaz kəməri layihəsinin tikintisinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Görüş zamanı səfir A. İmanov Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı faydalı münasibətlərə toxunaraq 2013-cü ildə Zaqrebdə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını, ötən dövrdə ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib işlərin görüldüyünü diqqətə çatdırıb.
Səfir 2016-cı ildə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Bakıya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə Zaqrebə rəsmi səfər etdiyini, bu səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.
A. İmanov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, strateji tərəfdaş olan ölkələrimiz arasında siyasi dialoqun aktivləşdirilməsinin, müxtəlif platformalarda qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.
A. İmanov, həmçinin 27 sentyabr 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün ərzində erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdiyini, ölkəmizin BMT TŞ-nın məlum qətnamələrini özünün icra etdiyini həmsöhbətinin diqqətinə çatdırıb.
Səfir, habelə Azərbaycanın yüzlərlə şəhər və kəndlərinin Ermənistanın işğalı nəticəsində tamamilə dağıdıldığını, ölkə iqtisadiyyatına külli miqdarda ziyanın dəydiyini, bir milyona yaxın qaçqın və məcburi köçkünün ölkəmizin müxtəlif regionlarında çətin şəraitdə onilliklərlə yaşadığı barədə ətraflı məlumat verib.
Daha sonra səfir, işğal dövründə ərazilərimizin minalandığını, bunun aparılan bərpa və yenidənqurma işlərinə ciddi maneə törətdiyini, ərazilərin minalardan təmizlənməsi üçün zaman və böyük maliyyə resurslarının tələb olunduğunu, lakin qeyd olunanlara baxmayaraq hal-hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin aparıldığını bildirib.
A. İmanov Azəbaycanın təklif etdiyi sülh təşəbbüsü çərçivəsində Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəticəsində regionda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açılacağını vurğulanıb.
Səfir, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu üzrə böyük potensialın olduğunu, sənaye, kənd təsərrüfatı, əzcaçılıq, türizm sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, Xorvatiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə cəlb etmək və bu ərazilərdə investisiya qoymaq üçün geniş imkanların mövcud olduğundan bəhs etmişdir.
Söhbətin sonunda Xorvatiya Prezidenti Səfir A. İmanova Xorvatiyada fəaliyyətində uğurlar arzulayıb.