\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Qanunsuz tikililərin aqibəti necə olacaq ?

Qanunsuz tikililərin aqibəti necə olacaq ?
1343baxış

Bakıda vətəndaşları düşündürən aktual məsələlərdən biri də qanunsuz yaşayış evlərinin aqibətinin necə olacağıdır. Problemin kökündə vətəndaşların mülkiyyət hüququnun, eləcə də şəhərsalma normalarının pozulması, təhlükəsizlik, əhaliyə kommunal xidmətlər göstərən qurumlar üçün yaranan çətinliklər, bələdiyyə vergilərinin yığılması və bu kimi digər çox ciddi məsələlər dayanır.

Qanunsuz şəkildə inşa edilən yaşayış evləri, həm də “gecəqondu”lar adlandırılır.

Bəzi sakinlərin həmin evlərdə uzun illər yaşadığı təkzibolunmaz faktdır. Qanunsuz şəkildə inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi, eləcə də veriləcək kompensasiyanın həcmi də təbii olaraq onları düşündürən ən əsas məqamlardandır.

Qeydiyyatı olmayan, sənədsiz evlərdə yaşayan vətəndaşlarımız evləri sökülərkən hansı problemlə üz-üzə qalacaqlar?

Məsələ ilə bağlı Mediapress.az-a danışan Əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov bildirib ki, hazırda “gecəqondu”larla bağlı yeni layihələr hazırlanır. Ekspert pandemiya səbəbindən dayandırılan prosesin yenidən davam etdirildiyini diqqətə çatdırıb: “Bu layihə artıq Bakı şəhər Baş planında öz əksini tapır. Həmin evlərin sökülüb yerində yeni binaların inşa edilməsi nəzərdə tutulub. "İnşaatçılar" metrosu ətrafında Alatava ərazisində “gecəqondu”ların sökülüb yerində müasir binaların tikilməsi ilə bağlı müxtəlif layihələr var. “Gecəqondu” adlandırılsa da, bunlar sənədsiz tikililərdir. Xatırlatmaq yerinə düşər ki, sənədsiz evlərin inventarlaşması ilə bağlı 2019-cu ildə dövlət başçımızın Fərmanı ilə Tədbirlər planı hazırlandı. Qeyd edilən Fərman 2019-cu ilin sentyabr ayında qəbul edildi, lakin pandemiya ilə bağlı həyata keçiriləcək planlar qaldı. Konsepsiyaya uyğun olaraq, postpandemiya dövründə işlərin həyata keçirilməsinə yenidən başlanıldı. Hazırda bu proses davam edir”.

M.Əzizovun fikrincə, köhnə evlərin sökülməsi, əvəzində isə yeni binaların inşası, əmlak sahiblərinə isə kvadratmetrinə uyğun kompensasiya verilməsi “gecəqondu”ların sənədləşməsi məsələsini arxa plana atacaq: “Alatava ərazisi ilə bağlı kiçik bir məlumatı bildirim ki, Bakı şəhərinin Qərb hissəsində yerləşən, təxminən 150 hektar olan Alatavada böyük regenerasiya prosesinə ehtiyac var. Bu ərazi hələ Sovet dövründə - 60-cı illərdə qeyri-qanuni məskunlaşma zonası kimi formalaşıb. Hazırda Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsinin qərb hissəsində fərdi evlər və kiçik özəl müəssisələr çoxluq təşkil edir. Qeyri-müəyyən üslubda tikilən bu həyət evləri 2010-cu ildən paytaxt üçün daha böyük problemə çevrilib. Yaxın gələcəkdə bu ərazilərdə tikinti işlərini özəl şirkətlər həyata keçirəcək və onların hər birinə qeydiyyatın aparılması, sökülmüş evin kvadratına uyğun məbləğin ödənilməsi ilə bağlı tapşırıq verilib”.

 

Şükufə Ramizqızı