Gürcüstanda etnik azlıqlara aid insanlara mədəni özünəməxsusluğa xas soyad veriləcək
Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələrinə autentik, yəni onların etnik adət-ənənələrinə və mədəni özünəməxsusluğuna xas olan prinsip əsasında soyad verilməsi istiqamətində effektiv mexanizm yaradılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Tarixi-mədəni ənənələrə uyğun olmayan soyadların dəyişdirilməsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihə parlamentin deputatları Zaur Darğallı, Mixeil Sarjveladze, İsko Dasen, Savalan Mirzəyev, Qoqi Meşveliani, Aluda Ğuduşauri, Sozar Subari, Anton Obolaşvili və digərlərinin təşəbbüsü ilə hazırlanıb.
Qanun layihəsi İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclası çərçivəsində Bolnisi bələdiyyəsində birinci oxunuşda müzakirə edilib.
Deputat M.Sarjveladzenin sözlərinə görə, tarixi və mədəni ənənələrə uyğun olmayan soyadların dəyişdirilməsi ideyası bir neçə il əvvəl ölkədə yaşayan etnik azlıqların müraciəti əsasında yaranıb.
Məsələ araşdırıldıqdan sonra məlum olub ki, oxşar problemlərin həlli müxtəlif milli azlıqların nümayəndələrinin, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlı icmasının da marağındadır.
Qeyd olunub ki, qanun layihəsinə əsasən, məsələ ilə bağlı ədliyyə naziri məşvərətçi-elmi şura yaratmalıdır. Etnik azlıqların nümayəndələrindən, alimlərdən, tarixçilərdən və aidiyyəti ekspertlərdən ibarət şura öz səlahiyyətləri daxilində soyadlarla bağlı məsələləri araşdırmalı, müvafiq prosedurları müəyyən etməli və hədəf qrupların maraqlarından çıxış edərək, soyadların həqiqiliyini müəyyənləşdirməlidir.
Qanun layihəsinin qüvvədə olma müddəti 5 il müəyyən edilib, lakin prosesin gələcəkdə necə davam edəcəyi, bu mexanizmlərə baxılarkən daha ətraflı şəkildə müəyyənləşəcək.
Görüşdə komitə üzvləri və yerli ictimaiyyət nümayəndələri qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflər irəli sürüb, qeyd olunan dəyişikliklərin gözlənilən nəticələrindən danışıblar.
İclasda iştirak edən komitə üzvləri məsələni müzakirə etdikdən sonra plenar iclasda qanun layihəsinin birinci oxunuş üçün parlamentə təqdim edilməsini yekdilliklə dəstəkləyiblər.