\
26 Noyabr 2024 - Çərşənbə axşamı

"Zəfər Yolu" İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Zəfər Yolu" İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
1663baxış

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir.

Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, dekabrın 11-də Zəfər Yolu İctimai Birliyinin sədri Pərvanə Abdullayeva və ictimai birliyin üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Zəfər Yolu İctimai Birliyinin sədri Pərvanə Abdullayeva ümummilli liderin məzarı önünə əklil qoyub, ruhuna dualar oxunub.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Daha sonra 20 yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı da ziyarət edilib, məzarları üzərinə güllər qoyulub, alov məşəlinin qarşısında ruhuna dualar oxunub.

Əlavə məlumat üçün qeyd edək ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş uğurlu siyasi kursa əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 19-cu ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Hörmətlə anırıq

Allah Ümummilli lider Heydər Əliyevə və Şəhidlərimizə rəhmət eləsin!