Erməni həyasızlığı-Mülki təşkilatların dinc aksiyası hərbçilərin hücumu kimi qələmə verilir
Azərbaycanın mülki təşkilatlarının dinc aksiyasını erməni mənbələri həyasızcasına Azərbaycan hərbçilərinin hücumu, yolu bağlaması, Azərbaycan ərazisində yaşayan erməni əhalisinin blokadaya salınması kimi təqdim edirlər.
Mediapress.az Musavat.com-a istinadən xəbər verir ki, Teleqramın erməni seqmentində bu barədə yalan məlumatlar yayılır. Erməni tərəfi xüsusi canfəşanlıqla tezislər irəli sürür ki, guya Laçın yolunda ümumiyyətlə, ekoloqlar yoxdur, olmayıb. Yazıblar ki, aksiyada keçmiş hərbçilər, müxtəlif peşə sahibləri yer alıb.
Azərbaycan tərəfi bugünkü aksiya ilə bağlı heç bir açıqlama və iddia ilə çıxış etməyib ki, orada yalnız ekoloqlar iştirak edir. Etirazçılar arasında ekoloji profil də daxil olmaqla digər sahələrə aid QHT-lərin də nümayəndələri iştirak edir. Onların heç birinin əlində silah yoxdur. Silahsız, dinc şəkildə, üstəlik, öz torpağında haqlı etirazlarını bildirirlər. Sülhməramlıdan fərqli olaraq Azərbaycanın aksiyaya qoşulan mülki təşkilatlarının üzvləri heç bir zor tətbiq etmir, əraziyə qüvvə yığmır. Onların tələbləri sadə və konkretdir.
Ermənilər də bunu gözəl anlayırlar. Sadəcə olaraq, erməni xisləti bu məsələdə də öz sözünü deyir.
Etirazçılar arasında erməni dilini mükəmməl bilənlər də var. Məsələn, Telman Qasımovun ermənilərlə danışığını, sülhməramlıların arasında gizlənən ermənini ifşa etməsini, Paşinyana öz dilində cavab verməsini hər birimiz çəkilən kadrlardan gördük. Telman Qasımov ekoloq deyil. O, erməni dilinin bilicisi, fəal vətəndaşdır.
Üstəlik, keçmiş hərbçidir. Bu gün özünün rus polkovnikinə dediyi kimi - yəni Telman Qasımov bu faktı nəinki gizlətmir, hətta onunla haqlı olaraq fəxr edir.
Bəli, bütün dünyada olduğu kimi, vətəndaş cəmiyyətinin nümayəndələri arasında da keçmiş hərbçilər ola bilər. Bu, normal haldır.
Normal olmayan Ermənistanda hərbi cinayətkarların iqtidarda və müxalifətdə olmasıdır. Əlləri azərbaycanlıların qanına batanların hələ də mühakimə olunmamasıdır. Biabırçı olan budur və daha da biabırçı olanı dünyanın insan haqlarını müdafiə edən təşkilatlarının, dövlətlərinin bütün bunların qarşısında susmasıdır.
Ermənistan 44 günlük müharibədə məğlub olub, Paşinyan kapitulyasiya aktına imza atıb. Ortada sənəd var, hüquq var. Azərbaycan isə heç zaman beynəlxalq hüququn normalarından kənar hərəkət etməyib.
Bugünki aksiyanın səbəbinə gəlincə isə bunu bir daha xatırladaq:
Hər kəsə məlumdur ki, son günlər Qarabağın dağlıq hissəsində vəziyyət olduqca gərginləşib. Buna səbəb erməni separatçılarının xarici şirkətləri də cəlb etməklə Azərbaycanın təbii qazıntı yataqlarını qanunsuz şəkildə istismar etməsidir. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında yerləşən sərvətlərimizin talanması və ekoloji terror törədilməsi halları müşahidə edilir.
Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə monitorinq aparmağa cəhd göstərsə də, dırnaqarası sülhməmalılar erməni separatçılarla əlbir olub, buna qarşı çıxıblar. Rəsmi Bakı sülhməramlıların təxribatçı hərəkətlərinə etiraz olaraq, Rusiyaya nota verib və belə halların yolverilməz olduğunu Moskvanın diqqətə çatdırıb. Lakin Rusiya sülhməramlı qüvvələrinin Bakının tələblərinə riayət etməməsi ilə əlaqədar Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəallar Laçın-Şuşa yolunda etiraz aksiyasına başlayıblar. Aksiya indi də davam edir və sülhməramlıların başçısı Volkovun əraziyə gəlməsinə, qoyulan tələblərin yerinə yetirilməsinə qədər də davam edəcək.