\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Tanımadığı həyətdə tualetə girdi və... - Spirtli içki 34 yaşlı kişinin başına oyun açdı

Tanımadığı həyətdə tualetə girdi və... - Spirtli içki 34 yaşlı kişinin başına oyun açdı
1394baxış

34 yaşlı Zaqatala sakini Mahmud Səfərov (şərti) sərxoş vəziyyətdə tanımadığı həyətə girərək tualetdən istifadə edib, daha sonra həyətdə yatıb qalıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə rayonun Əliabad qəsəbəsində baş verib.

 

Belə ki, qəsəbə sakinlərindən biri sahə polisinə zəng edərək evindən oğurluğa cəhd olunduğunu bildirib. Sahə rəisi həmin ünvana gedəndə küçədə Mahmudu görüb. Mahmud özünü şübhəli apardığı üçün polis ona yaxınlaşıb. Sərxoş şəxsin qeyri-adekvat hərəkətlərindən sonra polis onu məntəqəyə dəvət edib. Lakin o, polisin tələblərinə tabe olmayıb. Sahə rəisi onu məcburi qaydada 4 saylı inzibati polis məntəqəsinə aparıb. Bundan sonra onun barəsində protokol tərtib edilərək Zaqatala Rayon Məhkəməsinə göndərilib.

M.Səfərovun məhkəmədəki ifadəsinə görə, o, 23 dekabrda günorta saatlarında yaşadığı kənddən Zaqatala şəhərinə gəlib. Bazardakı kafelərin birində spirtli içki içdikdən sonra Əliabad qəsəbəsinə gedib. Orada tanımadığı bir evin yanında özünü pis hiss etdiyi üçün daş hasardan evin həyətinə atlanıb. Həmin evin tualetinə gedib. Daha sonra həyətdə qoyulmuş taxtın üzərinə uzanaraq yatıb. Bir müddət sonra səs-küy eşidərək oyanıb. Görüb ki, ev sahibi onu həyətdən qovur. O isə bildirib ki, yuxusu gəldiyi üçün yatıb qalıb:

“Şikayətçinin dediyi kimi oğurluğa cəhd etməmişəm. Polis əməkdaşı küçədə mənə yaxınlaşarkən sərxoş olduğum üçün nə etdiyimi xatırlamıram. Nalayiq ifadələr işlətməyim, polisə tabe olmamağım yadımda deyil. Olanları xatırlamasam da, ictimai qaydanı pozduğum üçün peşmanam. Qarşıdan bayram gəlir, həbs olunmaq istəmirəm, himayəmdə iki azyaşlı uşaq var”.

Məhkəmə M.Səfərovun himayəsində azyaşlı uşaqlar olmasını, həmin uşaqları təkbaşına böyütməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində həbs qərarı verməyib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. 200 manat cərimə edildikdən sonra məhkəmə zalından buraxılıb.