Pelenin vəfatı ilə əlaqədar Braziliyanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb
Futbol əfsanəsi Pelenin vəfatı ilə əlaqədar olaraq Braziliyanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb.
Bu barədə mətbuata Braziliya səfirliyindən bildirilib.
Bildirilib ki, öz hislərini bölüşmək istəyən şəxslər ürək sözlərini onlayn açılan matəm kitabına yaza bilərlər.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən gün 82 yaşında dünyasını dəyişib. Noyabrın 29-da Braziliya millisinin sabiq futbolçusu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ona böyrək və ürək çatışmazlığı diaqnozu qoyulub.
Daha əvvəl onun yoğun bağırsaq xərçənginin müalicəsi çərçivəsində keçdiyi kimyaterapiyanın istənilən nəticəni verməyi dayandırdığı bildirilirdi.
Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.
Dünya Kubokunun final turnirlərində o, ümumilikdə 14 oyun keçirib və onlardan 3-ü qalib finallarda olmaqla 12 qol vurub.
Ümumilikdə Braziliya millisi üçün - 92 oyunda 77 qol (1957-ci ildən 1971-ci ilə qədər). Onun rekordu 50 ildən çoxdur və bu yaxınlarda Neymar tərəfindən təkrarlanıb.
Klub səviyyəsində Pele iki dəfə (1962 və 1963-cü illərdə) Libertadores Kubokunu və Qitələrarası Kuboku qazandığı Braziliyanın Santos klubunda və Amerikanın Nyu York Kosmos komandasında oynayıb.
O, FİFA Futbol Komissiyası, World Soccer və France Football tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu, həmçinin BOK tərəfindən 20-ci əsrin ən yaxşı idmançısı kimi tanınıb.
Qeyd edək ki, Pelenin vəfatı ilə əlaqədar Braziliyada üç günlük matəm elan olunub.