\
22 Sentyabr 2024 - Bazar günü

Bakıda yaşayış binasında partlayışda ölən şəxs polis imiş - YENİLƏNİB + CANLI YAYIM + FOTO

Bakıda yaşayış binasında partlayışda ölən şəxs polis imiş - YENİLƏNİB + CANLI YAYIM + FOTO
1376baxış

Bakının Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli binada baş verən partlayışda həlak olan şəxs polis nəfəri Məhəmməd Babayev olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, M.Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

17:22

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

17:08

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Baku TV-nin ərazidə olan müxbiri məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumata görə, bir nəfərə də sağ ayağın, başın sıyrılmış yarası səbəbi ilə yerində tibbi yardım göstərilib.

16:33

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb olunub:

“Hazırda iki nəfər təxliyə olunur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür:

“İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə “112” qaynar telefon xəttinə Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib. Əlavə məlumat veriləcək”.

16:09

Binəqədi rayonunda yaşayış binasında güclü partlayış olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib. 

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunublar.