\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Qarabağı "semiçka"da çırtlayıb atan işbaz - Eksklüziv - FOTOLAR

Qarabağı "semiçka"da çırtlayıb atan işbaz - Eksklüziv - FOTOLAR
4996baxış

Azərbaycanda bir-birinin ardınca müxtəlif adlarda qidalar istehsal olunur. Onlardan biri də "Qarabağ" adlı günəbaxan tumlarıdır.

Mənfur ermənilər tərəfindən işğal olunan Qarabağımız hamımızın yaralı yeridir. Bu tarixi torpaqlarımızı geri qaytarmaq üçün neçə-neçə igidlər canından keçib, qan töküb, son nəfəslərinə kimi vuruşublar. İllərdir həsrətini çəkdiyimiz Qarabağımız üçün göz yaşları axıdılıb. Və hələ də axıdılmaqdadır...  Heç “Qarabağ" şikəstəsini doğru-dürüst, ürəklə oxuya bilmirik. Könlümüz sınıq olduğundan...

Amma təəssüflər olsun ki, aramızda bu addan istifadə edib, ciblərini doldurmağa çalışanlar da var. Bu barədə ətraflı jurnalist Səbinə Yusif məlumat verib. O, Facebook səhifəsində "Qarabağ" tumları adı altında "semiça" idxal edən şirkətə od püskürüb.

“QARABAĞIN İYİNİ GÜNƏBAXAN TUMUNDAN "ALANLAR"”

Baxın ay millət, baxın! Görün nə günə qalmışıq?! Qarabağ adlı restoran, kafe açdılar toy edib, kef çəkdilər. Şuşa adlı restoranda Cıdır düzü bilib at çapdılar. İndi görün Qarabağın adını nəyə verdilər?! Günəbaxan tumuna- semiçkaya. Bu zada sertifikat verən məmur hayana baxıb ki, Qarabağ adının harda yazılmağına göz yumub. Hara baxasıdır? Məlumdur ki, imza çəkilib, möhür vurulanda məmur iş adamının cibinə baxıb. Ona görə də Qarabağ adlı günəbaxan tumu artıq satışda göz dəlir. Hələ o bir yana, topla qazan kampaniyası da var bu semiçkanın. Ordan da qanına qəltan olunmuş Xocalının adı çıxır. Həmin kuponun birində yazılır ki, Xocalı adını topla fen, ütü, yaxud 10 AZN qazan. Xocalını on manata, ütüyə, fenə dəyişmək olarmı?! Qarabağı 20 qəpiyə almaq olarmı?
Əsəbdən bağrım partlayır. Zəng edirəm, telefona da cavab verən yoxdur ki, sözümü deyim. Həmin bu Qarabağ tumları Tərtər rayon Bayandur kəndində istehsal olunur. Xahiş edirəm, məsələni ictimailəşdirin. Bu qədər də qeyrətsizlik, vicdansızlıq, şərəfsizlik olmaz!!!”

Məsələ ilə bağlı ətraflı məlumat verəcəyik.

Könül AYPARA