\
25 Noyabr 2024 - Bazar ertəsi

Süquta uğramış Talıbov rejimi...

Süquta uğramış Talıbov rejimi...
1359baxış

Son bir ayda Naxçıvandan gələn xəbər seli ötən illərdə gələnlərdən qat-qat gurdur. Elə bil, şlyuzu qaldırıblar və ölkə mediasını xəbər seli basıb.

Əslində gerçəkdən də elədir: Talıbov rejimi indiyədək muxtar respublikada baş verənlərin ölkəyə və dünyaya çıxmasına böyük ölçüdə imkan vermirdi.

İndiyədək Naxçıvandan əsasən “yaxşı xəbərlər” gəlirdi: Vasif Talıbov onu edib, bunu edib, şəhəri abadlaşdırıb, təmizliyə, asayişə riayət olunmasını təmin edib, filan müəssisəni açıb və s. və i.a.

Talıbovun Naxçıvanı ona boyun əymək istəməyənlərdən, “demaqoqlar”dan necə “təmizlədiyi”, hansı kəndləri bərbad qoyduğu, təmizlik və asayişi hansı qanunsuzluqlarla bərqərar etdiyi, öz inhisarında olmayan müəssisələri necə qapatdığı və ələ keçirdiyi barədə xəbərlər isə yalnız sosial şəbəkələrdəki bəzi səhifələrdə yer alırdı.

Bu xəbərləri muxtar respublikadan çıxaranları, buna cəsarət edənləri axtarırdılar, bəzən tapır, təqib edirdilər, bəzən tapmır, axtarışı davam etdirirdilər, tapdıqları, amma Naxçıvanda olmaması səbəbindən ələ keçirə bilmədikləri “mənbə”lərin yaxın-uzaq qohumlarını incidirdilər.

Bu üzdən idi ki, Bakıya sığınmış yüzlərlə adam Naxçıvana gedə bilmirdi. Hamısı anlayırdı ki, əgər onlar muxtar respublikanın ərazisinə daxil olsalar, ya aeroportda götürüləcəklər, ya da sərhəd-keçid məntəqəsindəcə yaxalanacaqlar.

Ona görə də bəzən NMR-də bir ay öncəyədək olan vəziyyəti Şimali Koreya ilə müqayisə edirlər. Oxşayır ki, müqayisə yerindədir.

Talıbov Naxçıvanda məhz o cür situasiya yaradıbmış.

Vaxtilə Talıbovun repressiya maşınının sürücüləri olan Əhməd Əhmədov və Vəli Ələsgərovun (onlardan biri Naxçıvanın daxili işləri naziri, o biri milli təhlükəsizlik naziri olub) başına gələnlər də göstərirdi ki, Kim Çen In öz generalları ilə necə davranıbsa Talıbov da elə edib. O, bu şəxslərin əliylə yerli camaata zülm edəndən sonra eyni zülmü və işgəncəni onlara da verdirdi.

İndi bu şəxslər azad ediliblər və Talıbova qarşı “torpedo” kimi istifadə olunurlar. Ancaq Naxçıvan sakinləri onların zülmünü unutmayıb.

Son günlər 12 il öncə Naxçıvanın Bənənyar kəndində baş verənlərin araşdırılması tələbi səslənməkdədir. O vaxtlar həmin məşhur kənddə baş verən hökumət-camaat qarşıdurmasının təfərrüatları açıqlanır, adam oxuyur, sanır ki, həmin vaxt Bənənyar kəndi yadelli qoşunlar tərəfindən işğal olunubmuş. Qoca, qadın, uşaq demədən hamını acımasızcasına basıb döyüb, işgəncə veriblər. Zülm ərşə dirənib. Ağır xəstələri belə yataqlarından qaldırıb döyüblər. Sanki Əfqanıstanda “Taliban” rejimi Qəndəharı nəzarətə götürübmüş. Bütün bu qəddarlıq məhz Talıbovun əmri ilə nazir Əhmədov tərəfindən həyata keçirilib.

Motivindən, səbəbindən asılı olmayaraq dinc camaata qarşı amansızlıq edən, insanları kütləvi şəkildə repressiyaya məruz qoyan şəxslər bu saatdan sonra da cəzalandırılmayacaqsa, demək, Naxçıvanda haqq-ədalət tam bərqərar olunmamış sayılacaq.

21-ci əsrin ilk iyirmi ilində ayrıca götürülmüş bir mahalda Stalin dövrünün yasaqlarını və idarəetmə üsulunu bərqərar edən Talıbov tamahkarlıq, şəxsi varidat toplamaq, övladlarına hüdudsuz səlahiyyətlər vermək məsələsində daha ötə olub. Stalinin övladı Vasili gənc yaşında yüksək hərbi rütbə alıbsa da, Talıbovun oğlunun onda biri qədər böyük səlahiyyətlərə və on milyonda biri qədər var-dövlətə malik olmayıb. SSRİ ilə Naxçıvanın miqyasını təsəvvür etmək isə mümkün deyil.

Naxçıvan “dövlət içində dövlət”, Talıbov “prezident yanında prezident” idi. İndi buna son qoyulub. Muxtar respublikanın zaman-zaman mərkəzə tabe olmamaq xətti götürməsi tendensiyası sarsılıb, Talıbov öz məcrasına qaytarılıb, onun komandasının nüvəsi dağılıb. Ancaq bunlar azdır, son 27 ildə Naxçıvan əhalisinə zülm etmək işində fərqlənən 1-ci, 3-cü, 5-ci dərəcəli adamlar da öz layiqli cəzalarını almalıdırlar və muxtar respublikada sağlam bir idarəçilik üsulu bərqərar edilməlidir.

Yoxsa bir müddətdən sonra yeni bir Talıbov ortaya çıxacaq və Naxçıvanı “dədə-babadan qalma” üsullarla idarə etməyə başlayacaq. Çünki bu idarə üsulu əsrlərin sınağından çıxıb, muxtar bir mahalda satraplıq, tiranlıq yaratmaq ədalətli və demokratik rejim bərqərar etməkdən qat-qat asandır.