Qazaxıstanın keçmiş müdafiə naziri həbs olunub
Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov 2022-ci ilin yanvar aksiyaları zamanı qanunsuz əmrlər verib və hərbi strateji obyektləri mühafizəsiz qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu baş prokuror Berik Asılov “2022-ci ilin yanvarında Qazaxıstan şəhərlərində baş verən qarşıdurmaların araşdırılması” ilə bağlı hesabatı zamanı bildirib.
Bektanov döyüş şəraitində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbsdədir. Berik Asılovun sözlərinə görə, prezident Kasım-Jomart Tokayev silahdan istifadə barədə göstəriş verməmişdən əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açmağa başlayıblar. Hərbi silahdan istifadə ilk dəfə yanvarın 5-də Tokayevin iqamətgahına hücumu dəf edərkən qeydə alınıb, silahdan istifadə əmri isə yanvarın 7-də verilib.
Bundan əlavə, Asılovun bildirdiyinə əsasən, 2021-ci il ərzində iğtişaşlara xüsusi hazırlıq olub. Lakin baş prokuror cinayət işinin məxfi materiallarına istinad edərək, konkret təfərrüatları açıqlamaqdan imtina edib.
Baş Prokurorluğun məlumatına görə, aksiyalar zamanı həlak olanlar arasında 67 nəfər hücumda şübhəli bilinir, ölənlərdən 142 nəfəri istintaq tərəfindən fövqəladə vəziyyət rejimini və antiterror əməliyyatını pozan hesab olunur. Ən çox insan Almatıda ölüb - 151 nəfər. Qızılorda şəhərində 26, Çimkənddə 20, Tarazda 17 nəfər həlak olub.