Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyənləşib
Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarət olacaq.
Mediapress.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi” barədə fərmanında əksini tapıb.
İndiyə qədər rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız xarici ölkədə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayıb. “Sosial sığorta haqqında” qanuna dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.
Vergi Məcəlləsinə əsasən, indiyə qədər rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı gəlir vergisindən azad olub. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.
Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.