“Çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək” - Azərbaycan prezidenti
“Azərbaycan beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub”.
Bunu Azərbaycan prezidenti İllham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir: “Dəfələrlə bəyan edib ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilib. Bu Oyunlar sadəcə olaraq idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”.