Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlu özünü güllələyib. Onun dünən odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Mediapress.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Məlumata görə, Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb. İzahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.