\
25 Noyabr 2024 - Bazar ertəsi

Qışda immun sistemi həddindən artıq yüklə işləyir və həmişə soyuqdəymə ilə mübarizə apara bilmir”. - Yazgül Abdıyeva

Qışda immun sistemi həddindən artıq yüklə işləyir və həmişə soyuqdəymə ilə mübarizə apara bilmir”. - Yazgül Abdıyeva
1315baxış

“Qış mövsümü soyuqdəymə və qrip üçün əlverişlidir. Soyuqda belə papağını və ya şərfini çıxarıb gəzən isti olduğunu düşünür, soyuqdəymənin yan keçəcəyinə ümid edir. Amma, hətta yenicə qripə yoluxmuş olsanız və bədən bu növ virusa qarşı qorunma əldə etmiş kimi görünsə belə, sayıqlığınızı əldən verməməlisiniz. Həqiqətən, qışda immun sistemi həddindən artıq yüklə işləyir və həmişə soyuqdəymə ilə mübarizə apara bilmir”. Bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva yoluxmanın mövcud vəziiyyətinə və ondan çıxış yollarına aydınlıq gətirərkən dedi:

– Avropada epidemiya elan edilən İnfluenza (qrip) çox geniş yayılıb. Hazırda, az qala, hər evdə qripə yoluxub xəstələnənlər var. İnfluenza da kəskin respirator virus infeksiyaları (KRVİ) qrupuna daxildir. Adətən, simptomlar ağır şəkildə keçir. Xəstəlik özünü yüksək temperatur, sinədə xışıltı, boğaz ağrısı, öskürək, halsızlıq, əzələlərdə, sümüklərdə ağrılar və s. ilə biruzə verir. Ailədə bir nəfərin xəstələnməyi, digərlərinin də yoluxmasına səbəb olur. Qeyd edək ki, İnfluenza kiçik yaşlı uşaqlarda və yaşlılarda, xroniki xəstəlikləri olanlarda ağırlaşma verir. 
Bundan başqa, hazırda KRVİ ilə təkrar yoluxmalar da müşahidə edilir. Bu 200-dən artıq virusun KRVİ törətməsi ilə də bağlıdır. Bu səbəbdən də ən əsas şərt KRVİ və İnfluenzaya yoluxmaqdan qorunmaqdır. Qorunmaq üçün isə immun sisteminin normal fəaliyyəti vacibdir. Orqanizmin müqaviməti normal olduqda xəstə tez sağalır və ağırlaşma olmur. KRVİ zamanı bakterial infeksiyanın yoluxması daha ağır fəsadlara səbəb olur. İnfluenza və KRVİ- yə yoluxmuş xəstənin ayaqüstü müalicəsi düzgün deyil. Yataq rejimi olmasa da, normal ev şəraitində müalicənin daha yaxşı təsiri olur. Bu, həm də infeksiyanın yayılmasının qarşısını alır.
– Ətrafı virus bürüyəndə yoluxmadan qaçmaq mümkünmü? İstər-istəməz yaxalanırsan…
– Yoluxmadan qaçmaq üçün öncə qapalı məkanlara maska ilə girməyi tövsiyə edirəm. Metroda, avtobusda, digər əhalinin sıx toplaşdığı məkanlarda nəinki qrip, hətta vərəm və hava-damcı yolu ilə keçən xəstəliklərə də yoluxmaq ehtimalı böyükdür. Epidemiya zamanı xəstəliyə yoluxub – yoluxmamağa, həmçinin immun sistemi qərar verir. Hərəkətsizlik, sosial şəbəkələrdən, telefondan çox istifadə nəticəsində yaranan durğunluq da immun sistemə təsir edir. Müxtəlif prosedurlar – düzgün qidalanmaq, yuxu rejimi, açıq havada gəzinti, otaq temperaturunu normal saxlamaq, idman etmək, stresdən uzaq olmaq, əhvalı korlamamaqla immun sistemini modulasiya etmək olar. Yeri gəlmişkən qeyd edim ki, otağı həddən artıq isti saxlamaq da düzgün deyil. Bu, birbaşa yoluxmaya təsir edir. Belə ki, viruslar, bakteriyalar orqanizmə selikli qişalardan daxil olur. Selikli qişalar nə qədər nəm, yerli immunitet aktiv olarsa, mikrobları yerindəcə məhv edər. İsti hava selikli qişaları qurudur və yoluxma asanlaşır. Stress və yuxusuzluq da immun sistemini zəiflədir.
– Bu zaman orqanizmin müdafiə sisteminin yardıma ehtiyacı olur. Nə etməli?
– İmmun sisteminə əsas kömək edən Vitamin C-dir. Onun normal fəaliyyəti üçün Vitamin C və mikroelementlərlə zəngin qidalar qəbul etmək çox vacibdir. İmmun hüceyrələrdə Vitamin C çatışmayanda, onlar funksiyalarını normal yerinə yetirə bilmirlər. Vitamin C immun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir, interferon sintezini artırır, antioksidant təsir göstərir.
Xəstəlik vaxtı hərəkətli olmaq, havada gəzmək çox vacibdir. Çoxlu maye qəbulu, moruq, zoğal mürəbbələrindən istifadə, sulu, isti xörəklər–düşbərə, borş, əvəlikli suplar köməyə gəlir. Temperaturu 38 dərəcəyədək olanda salmağa ehtiyac yoxdur. Bu, orqanizmin virusa qarşı mübarizəsidir. Qripə yoluxan uşaqlara Paraferin və İnaseda sirop vermək olar. Böyüklər isə İnasedanın tabletini, Nimesil qəbul edə bilərlər.
– Bəzən yoluxduğunu hiss edənlər ilk növbədə antibiotik qəbulunu seçirlər…
– Virus infeksiyaları zamanı antibiotiklərdən istifadə etmək yanlışdır. Əvvəla təbii vasitələr, köməyi olmayanda, antiviral preparatlar qəbul edilməlidir. Yalnız boğazdan götürülən yaxma nəticəsinə görə, bakterial infeksiyaya yoluxma təsdiqlənsə, həssaslığa uyğun antibiotik təyin oluna bilər. Antibiotiklərdən yersiz istifadə bağırsaqdakı lazımi bakteriyaları məhv edib immun sistemini zəiflədir. Bu halda ən yaxşı seçim biotənzimləyici preparatlardır. KRVİ və qripin qarşısının alınması və müalicəsində istifadə edilən biotənzimləyicilər müxtəlif – İnfluenza, Adenovirus, Herpes virusu və digər virus infeksiyalarında da immun sistemin xəstəliklə mübarizə aparmasına kömək edir. Preparatlar qripin simptomlarını tez bir zamanda yüngülləşdirir, ağırlaşmanın qarşısını alır. Eyni zamanda immun sistemi modulə edilərək təkrar yoluxmalara imkan vermir. Həkimin məsləhəti ilə istənilən biotənzimləyicidən istifadə etmək xəstənin vəziyyətini lazımi qədər yaxşılaşdırar və onu ağırlaşmadan qoruyar.