Meksikada əhali bələdiyyə sədrini qaçırdı: Yandırıb öldürəcəkləri ilə hədələdilər
Meksikada yerli hökumətə etiraz edən əhali bələdiyyə sədrini və bəzi yerli idarəçiləri qaçırıb.
Bələdiyyə sədri və digər səlahiyyətlilərin istefasını tələb edən etirazçılar əks təqdirdə onları yandıraraq öldürəcəkləri ilə hədələyiblər.
Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində təxminən 100 nəfərlik qrup etiraz aksiyası təşkil edib. Onlar bələdiyyə orqanlarının bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyindən şikayətçidirlər. Bələdiyyə binası qarşısına toplaşan etirazçılar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildiriblər və səlahiyyətlilərdən izahat tələb ediblər.
Bir neçə saat sonra Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi şəhər şurasının üzvləri etirazçılarla görüşmək üçün bələdiyyə binasına gəliblər. Lakin əhali ilə danışıqlarda razılığa gəlinməyib. Bu halda etirazçılar arasından 30 nəfərlik qrup bələdiyyə sədri Monika Martinez və şəhər şurasının üzvlərini qaçırıb.
Etirazçılar bələdiyyə sədrinin və digər səlahiyyətlilərin istefasını tələb ediblər. Əgər tələbləri yerinə yetirilməsə, onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.
Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Gomez əyalət polisinin Tepeyahualko şəhərində əməliyyat keçirəcəyi ilə bağlı açıqlama verib. O, qaçırılan səlahiyyətlilərin xilas ediləcəyini vurğulayıb.
Mənbə: Haber Global