Azərbaycanlı xilasediciləri dağıntılar altından daha 2 nəfərin meyitini çıxarıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 2 nəfərin meyitini çıxarıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.