Türkiyədəki böyük zəlzələlər - Ən dağıdıcı hadisə hansı vilayətdə olub?
1390
Fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verdi. Fərqli qırılma xəttində meydana gələn 7,7 və 7,4 ballıq zəlzələlər nəticəsində ən son məlumata görə 7 mindən artıq insan həyatını itirib, 40 mindən artıq insan isə xəsarət alıb.
Bu arada internetdə Türkiyədəki ən böyük zəlzələlərlə bağlı məlumatlar sıx-sıx axtarılır. Bunu nəzərə alaraq, Bakupost.az qardaş ölkədə baş verən ən böyük zəlzələlərin siyahısını təqdim edir.
2020-Cİ İL. İZMİR-EGEY DƏNİZİ ZƏLZƏLƏSİ
Bu zəlzələ 2020-ci il oktyabrın 30-da Egey dənizində baş verib. Türkiyə vaxtı ilə saat 14:51-də baş verən zəlzələnin episentri Yunanıstanın Samos adasının yaxınlığında - İzmir vilayətinin Seferihisar rayonundan 23 km aralıda qeydə alınıb. Yerin 16,5 km dərinliyində baş verən 6,9 bal gücündə zəlzələ təxminən 16 saniyə davam edib. Təbii fəlakət Türkiyə və Yunanıstanda ümumilikdə 119 nəfərin ölümünə, 1053 nəfərin yaralanmasına səbəb olub. İzmir zəlzələsi 2020-ci ildə dünyada baş verən zəlzələlər arasında ən ölümcül zəlzələ kimi qeydə alınıb.
1953-CÜ İL. BALIKESİR YENİCE ZƏLZƏLƏSİ
Balıkesir zəlzələsi 18 mart 1953-cü ildə Türkiyə vaxtı ilə saat 21:06-da Çanaqqalanın Yenice qəsəbəsinin 12 kilometr şərqində baş verib. Zəlzələ nəticəsində 265 nəfər həlak olub, 6750 bina ya tamamilə, ya da qismən dağılıb. Bu zəlzələ Yenice-Gönen zəlzələsi kimi tanınır. Çünki qırılma Yenice ilə Balıkəsirin Gönen mahalı arasında yaranıb.
1943-CÜ İL. KASTAMONU TOSYA ZƏLZƏLƏSİ
Tosya-Ladik zəlzələsi 1943-cü il noyabrın 27-də yerli vaxtla saat 00:20-də Tosyanın Kastamonu şəhərində baş verib. 7.2 bal gücündə zəlzələ 4000 nəfərin həyatına son qoyub. Mercalli şkalasına görə, zəlzələ ən böyük - IX-X (şiddətli, davamlı) bal gücündə hiss edilib.
1970-Cİ İL. KUTAHYA GEDİZ ZƏLZƏLƏSİ
1970-ci ildə Kutahyada baş verən zəlzələ bütün Qərbi Anadolunun sarsılmasına səbəb olub. Bu zəlzələnin ardınca başqa təkanlar da baş verib. Hətta həftələr sonra müxtəlif maqnitudalı kiçik zəlzələlər təkrarlanıb. Tektonik mənşəli zəlzələnin gücü Rixter şkalası üzrə 7,6 bal olub.
6 saniyə davam edən zəlzələ 800 nəfərin ölümü, 520 nəfərin yaralanması ilə nəticələnib. 33 min ailə, təxminən 80 min insan evsiz-eşiksiz qalıb. 3000 kvadrat kilometrlik zəlzələ bölgəsində 3500 ev tamamilə dağılıb, 7000 evə ciddi ziyan dəyib. Ümumilikdə zəlzələ 10 600-dan çox binaya təsir edib.
1944-CÜ İL. BOLU GEREDE ZƏLZƏLƏSİ
1944-cü il Bolu-Gerede və ya Gerede-Çerkeş zəlzələsi 1 fevral 1944-cü ildə yerli vaxtla saat 05:22-də baş gəlib. Zəlzələ 7.2 bal gücündə olub. Zəlzələ nəticəsində 3959 nəfər həlak olub.
2011-Cİ İL. VAN ZƏLZƏLƏSİ
Bu Van zəlzələsi 2011-ci il oktyabrın 23-də Türkiyə vaxtı ilə saat 13:41-də baş verib və 25 saniyə davam edib. Zəlzələnin episentri Vandan 17 kilometr aralıda yerləşən Tabanlı kəndində qeydə alınıb. Zəlzələ nəticəsində 604 nəfər ölüb.
1999-CU İL. DÜZCE ZƏLZƏLƏSİ
12 noyabr 1999-cu ildə, yerli vaxtla saat 18:57-də baş verən zəlzələnin episentri Düzcedə qeydə alınıb. 7,2 bal gücündə zəlzələ 30 saniyə davam edib. Zəlzələ bir sıra ətraf bölgələrdə, eləcə də Ukraynada hiss edilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin açıqlamasına görə, zəlzələ nəticəsində 845 nəfər həlak olub, 4948 nəfər yaralanıb. 3395 ev dağılıb, 12939 ev və 2450 iş yerinə ziyan dəyib. Zəlzələdən sonra Bolunun Düzce rayonu Türkiyənin 81-ci vilayəti elan edilib.
1999-CU İL. GÖLCÜK ZƏLZƏLƏSİ
Avqustun 17-də baş verən 7,4 bal gücündə zəlzələ Ankaradan İzmirə qədər bütün Mərmərə bölgəsində hiss olunub. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 17480 nəfər ölüb, 23781 nəfər yaralanıb, 505 nəfər əlil olub. Təbi fəlakət 285 211 ev və 42 902 iş yerinə ziyan vurub. 2010-cu ildə dərc edilən Parlament Araşdırma Hesabatına görə isə bu zəlzələ nəticəsində 18 373 nəfər həyatını itirib, 48 901 nəfər yaralanıb.
1976-CI İL. ÇALDIRAN ZƏLZƏLƏSİ
Çaldıran zəlzələsi 24 noyabr 1976-cı ildə yerli vaxtla saat 12:22-də baş verib. 7,5 bal gücündə zəlzələnin episentri Vanın Muradiyə mahalının Çaldıran rayonunda olub. Zəlzələ nəticəsində 3840 nəfər həlak olub, 9232 binaya ziyan dəyib. 2000 kvadrat kilometr ərazidəki evlərin 80%-i dağılıb.
1939-CU İL. ƏRZİNCAN ZƏLZƏLƏSİ
Türkiyə tarixinin ən dəhşətli fəlakətlərindən olan Ərzincan zəlzələsi 1939-cu il dekabrın 26-27-də baş verib. Səth dalğasının maqnitudası Rixter şkalası ilə 7,9, gücü 7,2 bal olan zəlzələ nəticəsində ümumilikdə 32 962 nəfər həyatını itirib, 100 minə yaxın insan yaralanıb. Zəlzələ 116 720 binanın dağılmasına səbəb olub. Ərzincan zəlzələsi dünyanın ən böyük zəlzələləri arasında yer alıb.