Səlçuk Karakılıç zəlzələdə həlak olanları belə andı... - Video
“Fevralın 6-da Türkiyədə baş verən iki güclü zəlzələ ürəyimizi xarabalığa çevirdi. 20 il əvvəl yaşadığımız 17 avqust zəlzələsindən sonra böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə “Zəlzələ” şeirini yazaraq dərdimizə şərik oldu. O, o qədər böyük insan olub ki, bu şeiri ürəyində hiss edərək yaza bilib. Kahramanmaraş zəlzələsində dünyasını dəyişən, yaralanan insanlarımızı xatırlayaraq o şeiri yenidən oxumaq istədim”.
Bu sözləri Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç Türkiyədə baş verən zəlzələ qurbanları ilə bağlı danışarkən bildirib.
O, Azərbaycan xalqının bu dönəmdə qardaşlıq nümayiş etdirməsindən, yeddidən yetmişə – hər kəsin əlində olanını Türkiyəyə göndərməsindən söz açıb:
“Dövlət başçısı cənab İlham Əliyev başda olmaqla sadə insanlara qədər milyonlarla insan tək ürək oldu. Azərbaycan sənət adamları öz daxili səslərini əsərləri ilə ifadə etdilər. Siyavuş Kərimidən tutmuş Emil Əfrasiyaba qədər bütün sənət adamları başsağlığı verərək, qardaşlarının yanında olublar. Bu necə bir bağdır? İnsan yalnız öz qardaşı olanda ürəyində o ağrını hiss edir, yaşayır. Ona görə də Bəxtiyar Vahabzadənin şeirini həm onun, həm də zəlzələdə həlak olan insanlarımızın xatirəsini yad etmək üçün oxudum. Yaralananlara Allahdan şəfa, dünyasını dəyişənlərə rəhmət diləyirəm”, - deyə o, heyrətini gizlədə bilmədiyini açıqlayıb. (buguntv)