"Birinci zəlzələ dağıntılara səbəb olub, ikincisi isə zədələnmiş əraziləri silkələyib" - Amerikalı seysmoloq
Vaşinqton Universitetinin Yer Elmləri Departamentinin professoru və Sakit Okean Şimal-Qərb Seysmik Şəbəkəsinin direktoru Harold Tobin mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı diqqət çəkən açıqlamalar verib.
“24 saatdan az müddətdə iki belə böyük zəlzələnin meydana gəlməsi demək olar ki, görünməmiş hadisədir. Biz seysmoloji cihazların ixtirasından bəri belə bir hadisə görməmişik”, – deyən Tobin mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə də baş verən zəlzələlərin miqyası və strukturundan bəhs edib.
Qeyd edək ki, amerikalı seysmoloqun atası Osmanlı ilə bağlı 5 il araşdırmalar aparıb, doktorluq dissertasiyası müdafiə edib. Həmin müddət ərzində Harold Tobin ailəsi ilə birlikdə İstanbul və Ankarada yaşayıb. "Üzərində çalışdığım sahələrdən birinin də Anadolu qırılma xəttidir" - deyən seysmoloq Türkiyənin zəlzələyə ən çox meyilli ölkələrdən biri olduğunu əlavə edib:
“Bunlar təkcə Türkiyədə son illərdə yaşadığımız ən böyük zəlzələ deyil, həm də dünyada son yüz il və ya daha uzun müddətdir yaşayış məntəqələrində baş verən ən böyük zəlzələdir.
7,7 bal gücündə baş verən ilk zəlzələ illərdir məlum qırılma xəttində meydana gəlib. Bu bölgədə zəlzələlər gözlənilirdi, lakin zəlzələnin gücü proqnozlaşdırılandan da böyük olub. Tarixdə Şərqi Anadolu qırılma xəttində bu qədər böyük bir zəlzələnin baş verdiyini düşünmürəm. Bu qədər böyük zəlzələ qırılma xəttində çox böyük bir əraziyə yayıldı. Təbii ki, biz qırılma xəttində digər bölgələrə də təsir edən afterşokların şahidi oluruq, lakin 9 saat sonra 7,6 bal gücündə baş verən zəlzələ bu xətlə bağlıdır, amma tamam başqa xətt üzrədir. Bu xətt də əvvəldən məlum idi, lakin bu qədər böyük zəlzələlər olacağı məlum deyildi. Bu iki xəttin bir araya gəlməsi təssüf ki, dəhşətli bir faciədir. Birinci zəlzələ çoxlu dağıntılara səbəb olub, ikincisi isə artıq zədələnmiş əraziləri silkələyib. Bu, axtarış-xilasetmə qrupları və ərazidəki insanlar üçün həqiqətən çətin vəziyyətdir”, – deyə Tobin qeyd edib.