\
25 Noyabr 2024 - Bazar ertəsi

"Mehmetcik terrorla mübarizəni əzmlə davam etdirir" - Hulusi Akar

"Mehmetcik terrorla mübarizəni əzmlə davam etdirir" - Hulusi Akar
1354baxış

"Zəlzələnin yaralarını sarımaq üçün fədakarlıqla çalışan Mehmetcik sərhədlərin təhlükəsizliyi və terrorla mübarizə fəaliyyətlərini də eyni əzmlə davam etdirir”.

Mediapress.az-ın məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Mərkəzi Kahramanmaraş olan və 11 vilayətə zərər verən "əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra Türkiyə Silahlı Qüvvələrinin, quru, dəniz və hərbi hava qüvvələrinin bütün ünsürlərinin, qərargah və bölmələrinin ilk andan vəzifələrinin başında olduğunu vurğulayan Hulusi Akar Mehmetcikin terrorla mübarizə və sərhədlərin təhlükəsizliyi olduğu kimi, ilk andan etibarən zəlzələ ilə mübarizədə də edilməsi lazım olan hər şeyi etdiyini və etməyə davam etdiyini bildirib.

Zəlzələ bölgəsində 57 tabor və 100 axtarış-xilasetmə qrupunun, ümumilikdə 40 mindən çox əsgər, mütəxəssis və texniki personalın çalışdığını qeyd edən H.Akar 29 xilasedici itin də olduğu texniki personal daxil olmaqla 2 min 368 axtarış-xilasetmə personalının dağıntılar altından 326 nəfəri xilas etdiyini, 2 min 457 nəfərin cəsədini çıxardığını söyləyib.

Akar bütün bunlarla yanaşı, terrorla mübarizə, sərhədlərin təhlükəsizliyi, səmalarda və dənizlərdə mənafelərin qorunması istiqamətində həyata keçirilən fəaliyyətlərin də eyni qətiyyətlə davam etdiyini, Türk Silahlı Qüvvələrinin yaraların sağalması, ağrıların yüngülləşdirilməsi üçün bütün imkanlarını səfərbər edərək gecə-gündüz çalışdığını vurğulayıb.

Türk Silahlı Qüvvələrinin son terrorçu zərərsizləşdirilənə qədər mübarizəsini daha da gücləndirərək davam etdirəcəyini bildirən Akar "Nəcib millətimizi, 85 milyon vətəndaşımızı 40 ildir başımıza gələn bu terror bəlasından xilas etməkdə qərarlıyıq. Terrorçuların yeganə çıxış yolu türk ədalətinə təslim olmaqdır. İraq və Suriya başda olmaqla qonşularımızın sərhədlərinə və suverenlik hüquqlarına hörmət edirik. Kimsənin torpağında gözümüz yoxdur. Biz sərhədlərimizin və 85 milyon vətəndaşımızın təhlükəsizliyini təmin etməyə çalışırıq. Başqa bir məqsədimiz yoxdur.

24 iyul 2015-ci ildə terrorla mübarizədə yeni dövr başladı. O vaxtdan bu yana 37 min 601 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən bəri İraq və Suriyanın şimalında 261 terrorçu zərərsizləşdirilib. Terror yuvalarını, sığınacaqlarını terroristlərin başına yıxdıq və yıxmağa da davam edəcəyik”- deyib.

Müdafiə naziri son olaraq zəlzələdə həlak olanlara rəhmət və yaralananlara şəfa diləyib, bütün xalqa başsağlığı verib:

"Millətimizin bağrından gələn Türk Silahlı Qüvvələri bu ağır günlərdə digər nazirliklərlə və qurumlarla birlikdə nəcib millətimizin xidmətində, ilk andan etibarən vəzifəsinin başındadır. Nəcib millətimizlə çiyin-çiyinə çalışaraq bir yumruq, bir ürək kimi bütün bu çətinliklərə qalib gələcək, yaralarımızı sağaldacağıq. Minlərlə illik şanlı tariximiz boyunca hər cür bəlalardan birlik və həmrəylik içində alnı açıq çıxmış dövlətimiz, millətimiz bir yumruq, bir ürək olaraq bu çətin vəziyyətdən də çıxacaq”.