Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəməyə verilməsinin səbəbi bəlli oldu!
BQXK-nın məhkəməyə verilməsinin səbəbi məlum olub. Belə ki, qurumun əməkdaşı Vüqar Əliyev Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə, əsasən BQXK-dan əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə təzminat tələb edir. Şikayətçi hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də məhkəmə qarşısında cavab verməlidir.
Xatırladaq ki, Vüqar Əliyevin BQXK-ya qarşı qaldırdığı mülki iddiaya Nərimanov rayon məhkəməsində baxılacaq. İlk iclas martın 7-də olacaq. Tələb olunan mənəvi zərərin məbləğini və eləcə də mülki işin hansı hakimin icraatında olduğunu da öyrənməyə çalışacağıq.
Məsələ ilə bağlı həm BQXK-nın, həm də onlardan mənəvi zərərin ödənilməsini tələb edən qurumun yerli əməkdaşı Vüqar Əliyevin mövqeyini işıqlandırmağa hazırıq. Hətta, əgər tərəflər özləri mətbuata açıqlama vermək istəmirlərsə, onların vəkillərinin açıqlamalarını da dərc edə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Xatırladaq ki, mövzu ilə bağlı BQXK-nın ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri İlahə Hüseynova ilə bir neçə dəfə əlaqə saxlamışıq. Lakin İlahə xanım gah “məndə bu haqda məlumat yoxdur”, gah da ki, “şəxsi məsələlərlə bağlı açıqlama verə bilmərəm” kimi uyğunsuz cavablar verməklə hər dəfə məsələyə münasibət bildirməkdən nümayişkaranə şəkildə yayınıb. (bugun.tv)