BQXK Azərbaycan nümayəndəliyinin rəsmisi Sorin Ardeleanu qurumu məhkəməyə verən əməkdaşa təzyiq etdi!
Beynəlxalq Qızıl Xaç Komtəsini (BQXK) məhkəməyə verən əməkdaşı Vüqar Əliyev qurum tərəfindən təzyiqə məruz qalıb. Belə ki, Vüqar Əliyevin istifadəsində olmuş kompyuteri və mobil telefon qurum tərəfindən bloklanıb. Onun istifadəsindəki iş nömrəsi artıq işləmir və eləcə də, iş email ünvanına çıxışı yoxdur. Hətta, üzv olduğu rəsmi Whatsapp qruplarına da girişi dayandırılıb. Aldığımız məlumata görə, bütün bu məhdudiyyətlər barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısının müavini Sorin Ardeleanu göstəriş verib. Həmçinin etibarlı mənbədən aldığımız məlumata görə, bunlar Vüqar Əliyevə qarşı ilk təzyiq deyil. Əvvəllər də eyni hal baş verib.
Vüqar Əliyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı
Ona edilən müxtəlif təzyiqlər haqqında məlumatlıyıq. Dəqiqləşdirmə apardıqdan sonra bu barədə də ictimaiyyətə geniş açıqlama verəcəyik.
Bizə onu da məlumat verdilər ki, BQXK-nın Bakı ofisinin həftəlik iclasında işçilərə Vüqar Əliyevin qurumu məhkəməyə verməsi haqda məlumat verilib. BQXK rəhbərliyi öz reputasiyasını qorumaq üçün bu məsələni öz işçilərindən gizli saxlayırdı, lakin bu haqda informasiya mətbuata sızdıqdan və digər əməkdaşların bu barədə kütləvi informasiya vasitələrindən məlumat almasından sonra qurumun rəhbərliyi bu məsələni işçiləri ilə bölüşməli olub.
Bir sözlə, BQXK daxilində əməkdaşların öz aralarında bu hadisəni geniş müzakirə etmələri rəhbərliyi onlarla səmimi olmağa məcbur edib.
Məlumat verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə, əsasən BQXK-dan əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə bu zərərin ödənilməsini tələb olunur. Vüqar Əliyev hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də məhkəmə qarşısında cavab verməlidir. Mülki iddia Nəriman rayon məhkəməsində qaldırılıb və ilk iclas martın 7-də olacaq. İşə baxan hakim və tərəflərin vəkilləri haqqında informasiya əldə etdikdən sonra onlar barəsində də məlumat verəcəyik. Bizi izləməyə davam edin.
Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəalliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.
Məsələ ilə bağlı həm BQXK-nın, həm də onlardan mənəvi zərərin ödənilməsini tələb edən qurumun yerli əməkdaşı Vüqar Əliyevin mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. (Bugun.tv)