\
25 Noyabr 2024 - Bazar ertəsi

Məhkəmədə Beynəlxalq Qızıl Xaç Komitəsinin vəsatətləri təmin edilmədi

Məhkəmədə Beynəlxalq Qızıl Xaç Komitəsinin vəsatətləri təmin edilmədi
1477baxış

Beynəlxalq Qızıl Xaç Komtəsinə (BQXK) qarşı qurumun yerli əməkdaşı Vüqar Əliyevin qaldırdığı mülki iddia ilə bağlı martın 7-də hazırlıq iclası keçirilib. İş Nəriman rayon məhkəməsinin hakimi Aytən Novruzovanın icraaatındadır.

Bugun.tv Vüqar Əliyevdən məhkəmənin detalları barədə ətraflı məlumat əldə edib. Belə ki, BQXK-nın vəkili Natiq Məmmədov öz çıxışında bildirdi ki, güya Vüqar Əliyev məhkəmə haqqında mətbuata məlumat verərək BQXK-nın reputasiyasına xələl gətirib. Vəkil müdafiə etdiyi təşkilatın kommersiya sirrinin qorunması və reputasiyasına zərər verməmək məqsədilə məhkəmənin qapalı keçirilməsi və iddiaçı Vüqar Əliyevin üzərinə məhkəmə prosesinin gedişi haqqında mətbuata açıqlama verməmək öhdədiyinin qoyulması barədə vəsatətlə çıxış edib.

Vüqar Əliyev isə, buna qəti etirazını bildirib. O, öz çıxışında bildirib ki, məhkəmədən öncə o heç bir mətbuat orqanına hər hansısa məlumat verməyib, əksinə onunla əlaqə saxlayan mətbuat orqanlarına məhkəmədən öncə açıqlama verməyəcəyini bildirib. Mətbuatda gedən informasiyalara gəlincə isə, o qeyd edib ki, BQXK Bakı və Bərdə ofislərinin əməkdaşlarının əksəriyyəti bu barədə məlumatlıdırlar və təbii ki, mətbuatın onlardan da məlumat əldə etmək imkanları var. Qarşı tərəfin vəsatətinə gəlincə isə, o bildirib ki, bu məhkəmədə BQXK-nın kommersiya sirri müzakirə edilmir və yalnız əmək münasibətləri ilə bağlı məsələyə baxılır. Eyni zamanda əlavə edib ki, BQXK-da işə başlayarkən təşkilatın fəaliyyəti ilə bağlı müxtəlif foto, video və audio materialların, eləcə də BQXK-nın benefisiarları haqqında şəxsi məlumatların nəinki işlədiyi dövrdə, hətta işdən çıxdıqdan sonra da konfidensiallığının qorunması ilə bağlı o da bütün əməkdaşlar kimi yazılı öhdəliyə imza atıb və buna əməl edir. BQXK-nın reputasiya məsələsi ilə bağlı isə, Vüqar Əliyev bildirib ki, başlıca prinsipi humanizm olan BQXK öz reputasiyası barədə əməkdaşının hüquqlarını pozmadan öncə düşünməli idi. O, əlavə edib ki, məhkəmə başlayandan sonra prosesin gedişi haqqında mətbuata açıqlama vermək onun vətəndaş hüququdur və eləcə də kütləvi informasiya vasitələrinin ictimaiyyəti maraqlandıran açıq məhkəmə iclaslarında iştirak etmək hüququ var. Çıxışının sonunda o hakimdən BQXK vəkilinin verdiyi vəsatətlərin təmin edilməməsini xahiş edib.

Bundan sonra hakim Aytən Novruzova müşavirəyə gedib və qayıtdıqdan sonra BQXK-nın vəsatətlərinin təmin edilmədiyini elan edib. O bildirib ki, məhkəmənin gedişində prosesin hansısa hissəsinin qapalı keçirilməsi zərurəti yaranarsa hakim bu barədə qərar verə bilər, hal-hazırda isə buna ehtiyac görmür.

Vüqar Əliyev həmçinin bizə bildirdi ki, o qanunun tələbinə görə məhkəməyə müraciət etmədən öncə BQXK-ya mediasiya təklifi göndərib, daha sonra isə, 2 saylı Mediasiya Təşkilatına müraciət edib. Lakin BQXK mediasiya təklifini qəbul etməkdən rəsmi şəkildə imtina edib və daha sonra da mediasiya təşkilatında təyin edilən prosesə qatılmayıb.

BQXK bu işdə qurumu müdafiə etmək üçün Bakı Hüquq Mərkəzinin 4 vəkilinə etibarnamə verib. Vüqar Əliyev isə, prosesdə vəkilsiz iştirak edir və BQXK-ya qarşı qaldırdığı iddianı hələ ki, yalnız özü müdafiə edir. O bildirib ki, gələcəkdə ehtiyac olsa vəkil xidməti üçün müraciət edə bilər. Hələlik isə, buna zərurət görmür.

Məlumat verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən BQXK-dan əmək münasibətləri prosesində ona vurulan mənəvi sarsıntı və yaşadılan mənəvi iztiraba görə təzminat olaraq qurumdan 60 (altmış) min manat tələb edir. Vüqar Əliyev hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də məhkəmə qarşısında cavab verməlidir. Növbəti proses aprel ayının 6-da saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəalliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.

Məsələ ilə bağlı BQXK-nın və onun vəkillərinin mövqeyini işıqlandıra bilərik. Mövzunu diqqətdə saxlayacağıq.