\
25 Noyabr 2024 - Bazar ertəsi

“İçərişəhər” stansiyasında silsilə Novruz şənlikləri keçiriləcək - Metropolitenin iş rejimində dəyişikliklər olacaq - FOTOLAR

“İçərişəhər” stansiyasında silsilə Novruz şənlikləri keçiriləcək - Metropolitenin iş rejimində dəyişikliklər olacaq - FOTOLAR
3792baxış
"Bakı Metropoliteni” QSC Novruz bayramı ilə əlaqədar mart ayının 18 və 19-da “İçərişəhər” stansiyasında sərnişinlər üçün ənənəvi şənliklərini təşkil edəcək. Zəngin şou-proqrama bayramın əsas qəhrəmanları - Bahar qızı, keçəl və kosa ilə yanaşı, sirk ustaları da dəvət edilib.. Əsas şou zamanı nəhəng oyuncaqlarla əyləncələr, azyaşlı sərnişinlər üçün bol hədiyyələr, uşaqlar üçün kitabların təqdimatı da bayram proqramına daxil edilib. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək. Bakı metropoliteninin iş rejiminə də müvafiq dəyişikliklər olunacaq. Martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub. Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Ayın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq. “Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq. “Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqatda keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Unutmayaq ki, hər bir sərnişinin mənzil başına rahat və təhlükəsiz çatdırılması metropolitendən istifadə qaydalarına, sanitar-gigiyenik normalara və ictimai asayiş tələblərinə ciddi riayət edilməsindən asılıdır. Bütün sərnişinlərimizə xoş ovqatlı bayram günləri arzulayırıq! Mediapress.az