Ali Məhkəmənin sədr müavini Belarusda olub
Belarus Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Minsk şəhərində səfərdə olub.
Bu barədə Mediapress.az-a Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib.
Ali Məhkəmənin sədr müavini əvvəlcə ölkəmizin Belarusdakı səfirliyini ziyarət edib, səfir Ülvi Baxşəliyevlə birlikdə səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Növbəti gün Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan olan Ali məhkəmələrin nümayəndə heyətlərini qəbul edib. Görüşdə məhkəmə sahəsində dövlətlərarası əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmi vurğulanıb.
Görüşdə çıxış edən Çingiz Əsgərov Azərbaycanda məhkəmə-hüquq islahatlarının davamlı proses olduğunu qeyd edərək, bu prosesin bünövrəsinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar, qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər, Ali Məhkəmədə aparılan struktur islahatları, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə inteqrasiyası istiqamətində fəal işlər aparır.
Sonra Belarus Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçılarının diqqətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun təbrik məktubu təqdim edilib.
Səfər çərçivəsində Belarus Respublikası Ali Məhkəməsinin sədri Valentin Sukalo, habelə digər dövlətlərin Ali məhkəmələrinin rəhbərləri ilə aparılmış söhbətlər zamanı ölkələr arasında hüquqi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Ali məhkəmələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.