Baş nazir DTX-nin Akademiyası ilə bağlı qərar imzaladı
Baş nazir Əli Əsədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında magistr təhsili bağlı qərar imzalayıb.
Nazirlər Kabinetindən bildirilib ki, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3588 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə bir sıra dəyişiklik edilib.
Son dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb, Akademiya rəisinə isə dissertantların təhkim olunmasına rəhbərlik həvalə edilib.
Bundan əlavə, son dəyişikliklərlə Akademiyanın dəyişən heyətinə Akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunkturlardan əlavə dissertantlar da daxil ediliblər.
Həmçinin, adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədinin - diplomun verilməsi barədə norma əlavə edilib.
Bu baxımdan Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi zərurəti yaranıb.