\
25 Aprel 2024 - Cümə axşamı

“Eduardla Şəhanə evimə girib məni və övladımı döydülər”

“Eduardla Şəhanə evimə girib məni və övladımı döydülər”
1239baxış

Bu günlərdə Gəncə Şəhər Məhkəməsində vizajist Şəhanə Mehrəliyevanın tanınmış dietoloq Turanə Nəsibova barəsində xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, peşəkar kikboksçu Eduard Məmmədovun sevgilisi olan Ş.Mehrəliyeva T.Nəsibovanın ona qarşı təhqir və böhtana yol verdiyini bildirərək onun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cəzalandırılmasını tələb edib.

 

Araşdırmalar zamanı məlum olub ki, Turanə Nəsibova Eduard Məmmədovun sevgi münasibətində olduğu Şəhanəni vatsap və instaqram səhifələrində təhqir edib. Onun adına səhifələr açaraq fotolarını və əlaqə nömrəsini orada yerləşdirərək kişilərlə görüşdüyünü qeyd edib. Həmçinin digər təhqiramiz ifadələrə yol verib. Bundan başqa T.Nəsibova Şəhanə Mehrəliyevaya təhqiramiz mesajlar yazıb.

Ş.Mehrəliyeva ona qarşı edilmiş təhqir və böhtanı əks etdirən foto, video və yazışmaları məhkəməyə təqdim edib. O, ifadəsində deyib: “Turanə avtomobili ilə daim məni izləyir, gecə-gündüz mobil nömrəmə dayanmadan təhqir və təhdid dolu mesajlar yazır, hədə-qorxu ilə 1535 manat pul tələb edir. Özünü millət vəkilinin ailəsi kimi təqdim etməklə toxunulmaz olduğunu, məni məhv etmək üçün hər şey edə biləcəyini söyləyir. Hətda hədə-qorxu ilə tələb etdiyi pul vəsaitini ödəmək üçün özünə məxsus kartın şəklini də göndərib. Yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda instaqram və vatsap sosial şəbəkəsində yaymaqla böhtan atıb. Adıma saxta “***_sehane” adlı instaqram səhifəsi yaradaraq təhqir və böhtan xarakterli məlumatlar yazıb”.

Fotoda: Eduard Məmmədov Şəhanə Mehrəliyevanın ad günündə

T.Nəsibova isə ittihamları rədd edib. O düşünür ki, uğurlu qadın olduğu üçün Şəhanə onun paxıllığını çəkir: “Şəhanə Mehrəliyeva barəsində heç bir təhqir və böhtan xarakterli məlumat paylaşmamışam. Onun təqdim etdiyi fotolardakı profillər mənə məxsus deyil, həmin profillərdən xəbərim yoxdur. Mən uğurlu xanımam, həm təhsil, həm səhiyyə sahəsində. Şəhanə Mehrəliyeva mənə paxıllıq edir, hər zaman mənim kimi geyinmək istəyib. Düşünürəm ki, bütün bunları Şəhanə qısqanclıq zəminində edir. Təqdim edilmiş videoların birində hansı ki, özüm və övladım Eduard Məmmədov, Şəhanə Mehraliyeva və digər şəxslər tərəfindən döyülür, həmin videonu şikayət kimi göndərmək üçün özüm evimdə çəkmişəm. Çox güman həmin video mənim telefonumdan oğurlanıb və mənə aid olmayan profildə paylaşılıb. Həmin videoda heç kəsə böhtan atmamışam, məni və oğlumu döyməkləri ilə bağlı polisə müraciət etmişəm, araşdırma aparılıb. Həmin şikayət üzrə cinayət işinin başlanması rədd edildiyindən yenidən şikayət etmişəm. Eduard Məmmədov polislərə təzyiq göstərib və şikayətlərimə baxılmayıb. Avtomobildə çəkilmiş videodakı şəxs isə mən deyiləm. Digər videoda hansı ki, mən Şəhanə Mehrəliyevanın gəldiyi Ukraynaya qayıtmasını demişəm, həmin videonu özüm çəkmişəm, düz deyib getməsini istəmişəm”.

Turanə Nəsibova məhkəmədən ona bəraət verilməsini xahiş edib.

T.Nəsibovanın valideyni isə məhkəmədə şahid qismində ifadə verib. O, əvvəllər qızının Eduard Məmmədovla sevgili olduğunu, lakin aldadıldığını deyib: “Qızım Turanənin əvvəllər Eduard Məmmədovla münasibətləri olub, Eduard ona evlənəcəyini bildirmişdi, Turanə də ona inanmışdı. Eduard Məmmədov bir neçə dəfə bizim evdə də olub, çörək yeyib. Turanə evdə tələbə hazırlaşdırır. Bir dəfə Şəhanə Mehrəliyeva yalandan qızımın yanına hazırlığa tələbə göndərib ki, evə rahat girə bilsin. Tələbə gəlib 10 dəqiqə oturandan sonra dedi ki, çıxıram. Həmin vaxt Şəhanə yanında idmançı oğlanla girdilər içəri, cumdular Turanənin üstünə ki, sən belə, sən elə eləmisən. Şəhanə Eduarda görə Turanədən əl çəkmir. Eduard Turanəyə ailə quracaqlarını deyib, qızım da qadın olaraq aldanıb inanıb. Şəhanə Turanənin maşınına da xəsarət yetirib. Ümumiyyətlə, qızımla Şəhanə arasında olan mübahisə Eduarda görə keçən ilin yanvar ayından başlayıb”.

O da məlum olub ki, T.Nəsibova əvvəllər Ş.Mehrəliyevanın çalışdığı gözəllik salonunun müştərisi olub və oradan tanış olublar.

Turanə Nəsibova Gəncədə qeydiyyatda olduğu üçün onun barəsindəki şikayətə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Turanə Nəsibova Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və Böhtan) maddələri ilə təqsirli bilinib. Ona 450 saat islah işləri cəzası verilib.

Qeyd edək ki, Eduard Məmmədov Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir. O, bir dəfə ailəli olub və boşanıb, əkiz övladları var.

Xatırladaq ki, bir müddət əvvəl Şəhanə Mehrəliyeva Eduard Məmmədovun iştirakı ilə keçirilən dəbdəbəli ad günü məclisi ilə gündəmə gəlmişdi.