Buraxılış imtahanına telefonla gələn şagirdlə bağlı qərar verildi - Foto
Bakıda keçirilən buraxılış imtahanında üzərində telefon aşkar edildiyi üçün prosesdən kənarlaşdırılan 9-cu sinif şagirdinin sentyabr ayında olacaq imtahanda iştirakına icazə verilib.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakıdakı Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın Apellyasiya komissiyasının qərarına əsasən, üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün mayın 14-də keçiriləcək imtahanda və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirakına icazə verilməyib: "Lakin onun bu ilin sentyabr ayında keçiriləcək imtahanda iştirakına icazə verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın gödəkcəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Bundan sonra onunla bağlı sosial şəbəkədə və mediada məlumatlar paylaşılıb, anası tərəfindən müraciət yayılıb.