\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Seksual kitab yazan polkovnik “fövqəlnazir”i bəlaya salıb - Təfərrüat

Seksual kitab yazan polkovnik “fövqəlnazir”i bəlaya salıb - Təfərrüat
1504baxış

Fövqəladə hallar naziri Kamaləddin Heydərov FHN-nin hərbi hissələrinə paylanılan kitabla bağlı cəza tədbiri görməyə başlayıb.

FİA.Az-ın əldə etdiyi məlumata görə, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov FHN-dən qovula bilər. 
Onun “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” kitabında seksual mövzuya toxunması rüsvayçılığa səbəb olub.
Onsuz da gömrükdəki proseslərə görə sıxışdırılan və son aylar mövqeyi zəifləyən K.Heydərovun “vurulması” fonunda bu faktın üzə çıxması vəziyyəti ağırlaşdırıb.
Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. 
Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb. 
Kitabın səhifələrindən birində müəllif yazıb: “Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbirə aparar”.
Daha sonra müəllif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”. 
Və bu sətirlər mühərrik yağlarına aid kitabda yer alıb. Dəhşətdir. Rəzalətdir. Biabırçılıqdır. 
Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: “Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? 
Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”. 
Əldə etdiyimiz bilgilərə görə, kitab K.Heydərovun əlinə keçib və Ə.Kazımova qəzəblənib. Hətta iddialar var ki, nazir polkovniki vəzifədən çıxarıb.
FİA.Az-ın əldə etdiyi məlumata görə, K.Heydərovun əleyhinə gedən proseslərin qızğın vaxtında bu kitabın üzə çıxması FHN rəhbərinə növbəti zərbə olub.
Nazirliyin reputasiyasına çox ciddi xələl gətirən polkovnikin sərsəm kitabı sosial şəbəkələrin baş mövzusuna çevrilib.
Bəzi iddialara görə, keçmiş nəqliyyat naziri Ziya Məmmədov da K.Heydərovun sıxışdırılmasından kam alır. 
Hətta ona qarşı hücumların piarında özünə yaxın medianın əli ilə körüklədiyi istisna edilmir. Müəllif başqa bir səhifədə yazır: ”Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər:
1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci tox qarına yemək yemək; 3-cü tox qarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”. 
Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”. 
“Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlarla qarışdırmaq olar, qəbul etməyin. 
Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.
Bəzi ehtimallara görə, fövqəladə hallar nazirinin “sağ əli” olan V.Novruzovun gömrükdən uzaqlaşdırılması Kamaləddin Heydərovun sıxışdırılmasına bağlıdır.
Başqa versiyalar isə prezidentin seçkiyə bir gün qalmış gömrükdəki dilənçilik, rüşvət halları haqda açıq və sərt çıxış etməsi ilə əlaqələndirilir. Ondan sonra gömrük sökülüb.
DGK sədri Aydın Əliyev azad edildi, dərman mafiyası ilə əlbir olan generallar saxlandı, hava limanı gömrük rəisi ifşa edildi. 
Ardınca Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürüldülər.