BANM-də Elm Olimpiadalarının qalibləri mükafatlandırıldı - Fotolar
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mediapress.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan mərasimdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, BANM-in rektoru Elmar Qasımov, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə II Bakı Elm Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.
BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib və qaliblərə uğurlar arzulayıb. Rektor artıq ikinci dəfə təşkil olunan olimpiadanın keçirilməsinin ənənəvi hala çevriləcəyini bildirib.
Daha sonra müsabiqə üzrə I, II və III yerin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub. Həmçinin I yerə layiq görülən Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyi və 129 nömrəli tam orta məktəbin komandaları, II yeri tutan Kimya-biologiya təmayüllü Resbublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları, III yeri tutan Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları kubok və diplomla təltif ediliblər.