Əlil Qadınlar Cəmiyyəti media nümayəndələri üçün təlim təşkil etdi
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Etimad Fondunun maliyyə dəstəyilə media nümayəndələri üçün təlim təşkil olunub.
Mediapress.az-ın məlumatına görə, tədbiri çıxış sözü ilə açan ictimai birliyin sədri Məhluqə Rəhimova jurnalistlər üçün təşkil olunan tədbirin önəmindən danışıb. 6 ərzində görülən işlər barəsində onlara ətraflı məlumat verib. Əlilliyi olan qadın və qızların bugünkü gündə rastlaşdığı problemlərə diqqət çəkib. Onların həllində media qurumlarından dəstək istəyib.
“Mətbuat 4-cü hakimiyyət sayılır. Sizin hər biriniz söz sahiblərisiniz. Bilirik ki, əlilliyi olan şəxslərlə bağlı sizə də kifayət qədər məlumatlar daxil olur. Bu həm şikayət formasında, həm də minnətdarlıqla bağlı ola bilər. Bizim sizdən istəyimiz onlarla ünsiyyətdə olarkən həssas yanaşmaq, bu şəxlərin problemlərinin həllində həm bir media nümayəndəsi, həm də bir vətəndaş – bacı, qardaş kimi kömək olasınız. Biz hamımız azərbaycanlıyıq. Onlar da bizim övladlarımızdır, bizimlə eyni hüquqa malikdirlər. Sizlər bu işdə bizə böyük dəstək ola bilərsiniz. Çünki buna qadirsiniz”.
Məhluqə Rəhimova jurnalsitlərlə iş birliyinin əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi layihəsinə öz töhvəsini verəcəyinə əminliyini bildirib. Bu yolda hər kəsə uğurlar diləyib.
Sonra təlimə start verilib. Uzun illərin televiziya aparıcısı və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov təlimçi qismində iştirakçılara əlilliyi olan şəxslərlə bağlı qanunveriçiliklə tənzimlənən tələblər haqqında geniş məlumat verib. Jurnalistlərin onlarla ünsiyyətdə olarkən, peşə fəaliyyətini həyata keçirərkən gözlənilməsi vacib olan məqamlardan danışıb. Layəhədə nəzərdə tutulan etik davranış və yanaşmaların tələbləri barədə izahlı məruzə edib.
“Bu gün keçirilən tədbir ondan ibarətdir ki, əlilliyi olan şəxslərin cəmiyyətdə inteqrasiyasını, eləcə də onlara göstərilən davranışların həyata keçirilməsi ilə bağlı layihələr haqda gərəkli informasiyaları bölüşək. Əlilliyi olan şəxslərin rastlaşdığı problemləri birgə müzakirə edib, onların cəmiyyətə yenidən inteqrasiyası istiqamətində əlimizdən gələni edək. Biz sübut etməlyik ki, əlilliyi olan şəxslər heç də cəmiyyətin digər üzvlərindən geri qalmır. Onlar mütəmadi olaraq cəmiyyətin içindədir, daima inteqrasiya olunurlar. Biz həm siz jurnalistlərin, həm də qeyri-hökumət təşkilatlarının sayəsində onlara göstərməliyik ki, heç də cəmiyyətdən geri qalmırlar”, – T.Qasımov bildirib.
Təlimdə media nümayəndələri əlilliyi olan şəxslərlə bağlı hazırlanan reportajlar, veriliş və süjetlər zamanı rastlaşdıqları problemlərdən danışıblar. Bəzi dövlət qurumlarının bu kateqoriyadan olan insanlara qarşı laqeyd münasibəti əsas müzakirə obyekti olub.
Tədbirdə iştirak edən, əlilliyi olan Zinyət Vəliyeva onlar üçün əlçatanlığın təmini məqsədi ilə ilə reablitasiya mərkəzlərindəki bəzi nüanslara diqqət çəkib. Sadalanan məsələləri dinləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əməkdaşı T.Qasımov sadalanan məqamlarla bağlı qeydiyyat aparıb, gələcəkdə həllinə çalışacağını vurğulayıb.
Tədbirdə çıxış edən Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizəzadə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında dövlət qurumları ilə yanaşı media mənsublarının böyük rolundan danışıb. Təlimə qatılan jurnalistlərə bu layihədə onlarla bir olduqları üçün təşəkkürünü bildirb, peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Əməkdar jurnalist” Elnarə Dərziyeva tədbirə qatılan həmkarlarına dərin təşəkkürünü bildirib. Cəmiyyətin media nümayəndələri üçün hazırladığı sertifikatı onlara təqdiim edib.